“Kitab oxumamağın ən böyük bəlası odur ki, …” - İRAD BİLDİRİLDİ

“Uşaq və yeniyetmələr, hətta gənclər arasında bədii ədəbiyyata kitaba meylin aşağı olması son vaxtlar üzləşdiyimiz ən ciddi problemlərdən biridir. Bunun müxtəlif səbəbləri var. Bəlkə də yazıçılar, jurnalistlər, naşirlər yeni kitab və əsərləri yetərincə təbliğ edə bilmirlər. Bəlkə də yazıçılar arasında kitaba, ədəbiyyata marağı ailələr, məktəblər, bağçalar yetərincə aşılaya bilmir. Amma məncə əsas səbəb ixtisaslaşmanın orta məktəbdə aparılan təhsil siyasəti ilə bağlıdır”. Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib.

Seymur Verdizadə sözlərinə belə davam edib: “Bilirsiniz ki, uşaqlar tələbə olmaq üçün 9-cu sinifdən başlayaraq müxtəlif ixtisaslara yönəlirlər və müxtəlif qruplar üzrə hazırlıq dərsləri keçilir.1-ci, 2-ci, 4-cü qrupda demək olar ki, ədəbiyyatla bağlı heç nə tədris olunmur, heç nə soruşulmur və uşaq da düşünür ki, əgər mən imtahanda Səməd Vurğundan, Nizamidən, Füzulidən hansısa suala cavab verməyəcəmsə, mən niyə əlavə vaxt və enerji sərf edib onların yaradıcılığını öyrənməliyəm, onların əsərlərini oxumalıyam.

Mən adam tanıyıram ki, ölkənin kifayət qədər böyük banklarının birində departament rəhbəri vəzifəsində çalışır. Həmin adam özü etiraf etdi ki, bu günə kimi bir bədii kitab da oxumayıb. Səbəbini soruşanda isə dedi ki, mən tamam başqa sahənin adamıyam, mənim işim pul saymaqdır. Şeir əzbərləməklə pul saymaq arasında hər hansı rabitə görmürəm. Hətta buna görə məni qınadı ki, niyə siz bank işçisindən hansısa bir bədii ədəbiyyat oxumağı tələb edirsiniz. Halbuki bizim uşaqlıq, yeniyetməlik dövrümüzdə yəni, 80-ci illərin əvvəllərindən axırlarına kimi ədəbiyyata böyük bir maraq var idi. İnsanlar dünyagörüşlərini genişləndirmək, söz ehtiyatlarını artırmaq, ədəbi-bədii estetik zövqə malik olmaq üçün kitab oxuyurdular.

Kitab oxumamağın ən böyük bəlası odur ki, bu günkü yeniyetmə və gənclərin çoxu fikirlərini ifadə etməkdə çətinlik çəkirlər. Hətta xeyli gənc tanıyıram ki, cümlə qurmağa belə çətinlik çəkir. Çünki söz ehtiyatı azdır. Hesab edirəm ki, gənclər, uşaq və yeniyetmələr arasında ədəbiyyatı təbliğ etmək, mütaliə vərdişlərini artırmaq üçün hamılıqla səfərbər olmalıyıq. Mütailəyə maraq həm də ona görə azdır ki, kitab oxumaq indi pul gətirmir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə