"Qanuni nikah yaşı ilə bağlı istisna aradan qaldırılmalıdır" - SOSİOLOQ BİLDİRDİ
Dünən Bakı şəhərində azyaşlının toyu təxirə salınıb. Birinin təxirə salınması hamısının qarşısının alınması demək deyil təbii ki. Bu kimi halların qarşısının alınması üçün hansı addımlar atılmalıdır? SİA olaraq mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyevin fikrini öyrəndik.
Onun sözlərinə görə, bu çox ciddi məsələdir: “Sözügedən məsələ ilə bağlı həm hüquqi, həm də sosial müstəvidə tədbirlər aparılmalıdır. İlk növbədə onu qeyd edək ki, Azərbaycan uşaq hüquqları ilə bağlı beynəlxalq konvensiyaya qoşulub. Konvensiyadan irəli gələn öhdəlikləri yerinə yetirir və qanunları da bu konvensiyaya uyğunlaşdırır. Bu konvensiyaya görə, nikah yaşı 18 yaş olaraq uyğunlaşdırılıb. Azərbaycanda da nikah yaşı 2011-ci ildən bəri 18 yaş kimi qeyd olunur. Amma istisna hallar var ki, 17 yaşda da nikaha icazə verilir. Bəzi valideynlər isə bu 17 yaş faktorundan istifadə edir. Nəinki 17 yaş, bundan da aşağı yaşında uşaqları nikaha cəlb edirlər. Bu həm əxlaqa, həm də hüquqazidd davranışdır. Cinayət Məcəlləsində 16 yaşlı biri ilə cinsi münasibətdə olmaq hüquqi məsuliyyət yaradır. Eyni zamanda Ailə Məcəlləsində də nikaha məcburetmə və erkən nikahla bağlı ayrıca hüquqi məsuliyyət var. Fikrimcə bu hüquqi məsuliyyət bir qədər də sərtləşdirilməli, qanunvericiliyin icrasına nəzarət gücləndirilməlidir. Bir dəfə azyaşlını erkən nikaha cəlb etməyə görə məsuliyyətə cəlb etdilər. Bu cəmiyyətdə yaxşı mənada çox böyük effekt verdi. Hüquqi müstəvidə tədbirlər sərt olmalı, kampaniya xarakteri daşımamalı, icra olunmalıdır. Erkən nikaha cəlbetmə ilə bağlı valideynlər hüquqi məsuliyyətini başa düşməli, onlar arasında maarifləndirmə işləri aparılmalıdır”.
Ü.Şəfiyev bildirib ki, burada başqa tərəflər də var Statistikaya baxdıqda 2011-ci ilə qədər nikah yaşı qeyd edilmədən evliliklərin sayı daha çox idi: “Ondan sonra erkən nikahla bağlı statistika təqribən 50% azaldı. Ancaq bu gün 2 mindən çox uşaq 17 yaşa qədər analar tərəfindən dünyaya gətirilirsə, bu o deməkdir ki, bu problem hələ də var və bununla mübarizə aparılmalıdır. Bu kimi hallar xüsusilə də regionlarda daha çox baş verir. Hələ də köhnə stereotiplərlə yaşayan valideynlər var. Onlara elə gəlir ki, qızlarını evləndirməsələr evdə qalacaqlar. Kəndlərdə demoqrafik vəziyyət biraz başqadır”.
Sosioloq sonda qeyd edib ki, regionlarda qızlar 9-cu sinifdən çıxarılır və başları ailə qurmaq fəlsəfəsi ilə doldurulur: “Bununla bağlı kənd məktəblərində tanınmış xadimlərin, QHT nümayəndələrinin görüşləri keçirilməlidir ki, onlar orta məktəbdə oxuyan qızlar arasında ali təhsillə bağlı təşviqat aparsınlar. Biz görürük ki, Azərbaycanda ali təhsillilərin statistikası elə də böyük deyil. O cümlədən qızların da ali təhsildəki payı da çox azdır. Ona görə də çox yaxşı olar ki, orta məktəblərdə qızların ali təhsilə motivasiya edilməsi üçün addımlar atılsın. Bu yolla onlar erkən nikaha meyillənməkdən daha çox, cəmiyyətə və özlərinə daha faydalı insan olmaq haqqında düşünə və öz həyatlarını belə planlaya bilərlər. Bu kompleks işdir, həm hüquqi müstəvidə görülən tədbirlər sərtləşdirilməlidir, həm də bununla bağlı sosial maarifləndirmə işləri də paralel aparılmalıdır. Güman edirəm ki, buna ehtiyac var. Nikah zamanı istisna yaş aradan qaldırılmalıdır. Yaxşı olardı ki, yetkinlik yaşına çatmadan nişanlama və adaxlama da hüquqi məsuliyyət yaratsın və Cinayət Məcəlləsinə daxil edilsin. Bəzən valideynlər “Nişanlamışıq, evləndirməmişik” kimi əsas gətirirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB