"Sumqayıt hadisəsinin təhlili, əldə olunan müqayisəsi göstərir ki..." - TARİXÇİ AÇIQLADI

“Sumqayıt hadisələri SSRİ xüsusi xidmət orqanları tərəfindən təşkil olunmuş dəhşətli bir cinayət hadisəsi idi”. Bu barədə SİA-ya açıqlamasında tarixçi Boran Əziz deyib.

Onun sözlərinə görə, bunu əvvəlcədən təşkil edənlər azərbaycanlılarla ermənilər arasında nifaqı daha da dərinləşdirmək, bizimlə bağlı beynəlxalq ictimaiyyətin gözündə dözümsüz, qeyri-müsəlmanlara qarşı düzgün hərəkət etməyən bir millət obrazı yaratmağa cəhd edirdilər: “Bu əslində gələcəkdə xalqımıza qarşı həyata keçirilən vəhşiliklərə və qanlı qırğınlara ideoloji zəmin hazırlamaq məqsədilə həyata keçirilmişdi”.

Müsahibimiz bildirib ki, hadisənin əsas təşkilatçılarından biri də mənşəcə erməni olan Eduard Qriqoryan idi: “Ermənilərin əvvəlcədən öz pullarını dövlət banklarından və əmanət kassalarından çıxarmaları da onların buna əvvəlcədən hazırlaşdıqlarını göstərirdi. Əslində Sumqayıt hadisələrinin törədilməsi, həm də Azərbaycan xalqını pis vəziyyətə salmaq, onu qorxutmaq və Ermənistandan dəhşətli şəkildə qovulanlarla bağlı ermənilərə haqq qazandırmaqdan ibarət idi. Halbuki bu hadisələrdən qabaq Quqark rayonunda və digər ərazilərdən xeyli sayda azərbaycanlı qətlə yetirilmiş, öz doğma torpaqlarından qovulmuşdu və SSRİ onlarla bağlı heç bir addım atmamışdı. Bir sözlə Sumqayıt hadisəsinin təhlili, əldə olunan müqayisəsi göstərir ki, bu SSRİ dövlət orqanları tərəfindən ermənilərlə birlikdə əvvəlcədən ciddi şəkildə hazırlanmış əməliyyat olmuşdur”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə