Artıq Novruzun xəbərçisi olan çərşənbələr başlayıb. Çərşənbələr özləri ilə bərabər bəzi adətləri və təhlükələri də gətirir. Qalanan tonqallar bəzən bəzən çox təhlükəli vəziyyət yaradır, insanlar bəzən tonqallara yıxılır yaxud yandırılan alov elektrik xətlərinə ziyan vurur. Bunlara qarşı hansı tədbirlər görülməlidir? Vətəndaşlar nələrə diqqət etməlidir? SİA olaraq mövzu ilə bağlı təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyevin fikrini öyrəndik.
Onun sözlərinə görə, tonqal qalayan zaman yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir: “Nəzərə almaq lazımdır ki, tonqalın ətrafında tez alışa bilən, yanmaya meyilli materiallar olmalıdır. Bunlara elektrik naqilləri, ağaclar və digər materiallar aiddir. Tonqalın qalandığı yerdə toplaşan insanların içərisində azyaşlı uşaqların, ahılların, səhhətində müəyyən narahatlığı olan insanlar da nəzərə alınmalıdır. Azyaşlılar mütləq nəzarət altında olmalıdır. Tonqalın ətrafında fişənglər, pirotexniki vasitələrin istifadəsi yolverilməzdir. Digər bir tərəfdən də tonqalın içərisinə təkər şinləri atmaq olmaz. Ondan ayrılan tüstünün toksiki xarakterlidir, insanların səhhətinə mənfi təsir edir”.
Ekspert bildirib ki, tonqalın tam söndüyünə əmin olduqdan sonra həmin yer tərk edilməlidir: “Yəni tonqalın sönməsinə əmin olmadan oranı tərk etmək əlverişsiz, küləkli hava şəraitində orada olan közün və digər yanan parçaların ətrafa yayılmasına, ətrafdakı nəqliyyat vasitələri və tikililərə ziyan dəyməsinə səbəb ola bilər. Əgər hava şəraiti əlverişli deyilsə, tonqalın yandırılmaması məqsədəuyğundur. Tonqal qalayarkən onun aşağısına dəmir materialdan lövhə qoyulmalıdır və tonqalın hündürlüyünə diqqət etmək lazımdır. Tonqalın yüksəkliyi 1 metr 20 santimetri keçməməlidir ki, əgər aşma təhlükəsi olarsa, ətrafdakı insanların üzərinə düşməsin. Bəzən tonqal bir neçə metr hündürlükdə qalanır. Bu zaman üzərindən keçən elektrik naqili zədələnir yaxud da ətrafındakı insanların üzərinə düşmə riski yaşanır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB