Metroda qatarların hərəkətindəki yubanmaların səbəbi BƏLLİ OLDU - QURUM RƏSMİSİ AÇIQLADI
Bir müddətdir Bakı Metropolitenində qatarların hərəkətində bəzi kiçik problemlər gözə çarpır. Qatarlar tuneldə bir neçə dəfə fasilə verməli, yaxud hərəkətini azaltmalı olur. Bu da gecikmələrə və vətəndaşların narazılığına səbəb olur. Bunun səbəbi nədir və həlli üçün hansı addımlar atılır? Mövzu ilə bağlı SİA-nın suallarını Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov cavablandırıb.
Onun sözlərinə görə, qatarların hərəkətində fasilə, tunellərdə dayanma və digər məsələlər əslən gecikmə deyil. Bunlar xətlərdə müvafiq tənzimləmə mexanizmlərinin tətbiqi ilə bağlıdır: “Yəni Bakı Metropoliteninin özünəməxsus xüsusiyyəti var. Bunun ən ağır olanlarından biri də odur ki, yaşıl və qırmızı xətlər "28 May" stansiyasında nəinki kəsişir, hətta birləşir. Bundan əlavə olaraq Bakı Metropoliteninin qırmızı xəttinin elektrik deposu tam xəttin ortasında, yəni Nəriman Nərimanov stansiyasından sonradır. Bu iki halı nəzərə alsaq təbii ki, gün ərzində müəyyən tənzimləmə mexanizmlərindən istifadə olunur. Məsələn siz Həzi Aslanov stansiyasından şəhər istiqamətinə gələndə istər "İçərişəhər", istərsə də "Dərnəgül" qatarlarının "Ulduz" stansiyasını tərk etdikdən sonra tuneldə qısamüddətli gözləməsini müşahidə edə bilərsiniz. Bu o deməkdir ki, "Bakmil" istiqamətindən yəni elektrik deposundan xəttə qatar daxil olur. Yaxud da "Nizami" stansiyasından "28 May" stansiyasına gedən qatarda tuneldə müəyyən qısamüddətli gözləmə görə bilərsiniz. Bütün bunların hər biri tənzimləmə mexanizmləridir. Ümumiyyətlə bu il ərzində hələki qatarlarda nasazlıq halları müşahidə olunmayıb. Nasazlıq halları ilə bağlı ictimaiyyət tərəfimizdən məlumatlandırılır. Bunun əsas səbəbi sərnişinlərin narahat olmaması üçündür”.
Qurum rəsmisi bildirib ki, səhər və axşam gur saatlarda 10-15 saniyə, yarım dəqiqə yubanmalar ola bilər. Bu əslində yubanma sayılmır: “Çünki tuneldə qatar məsafəni qət etdiyi zaman bunların hamısı aradan qaldırılır. Bu sərnişin sıxlığı ilə bağlı olan məsələlərdir. Onun da tənzimləmə mexanizmlərini həyata keçiririk. İlk növbədə sərnişinlərin sayəsində biz müəyyən müsbət tendensiyaya nail olmuşuq. Məsələn, "Koroğlu", "20 Yanvar" stansiyalarında qapıların tutulub saxlanması əsaslı şəkildə azalıb. Eyni zamanda bununla bağlı bizim öz tənzimləmə mexanizmlərimiz də var. Əlavə işçi qüvvəsi ayırmaqla sərnişinlərin minib-düşməsinin daha intensiv, rahat olmasını təmin edə bilirik. Ümid edirəm ki, bundan sonra da belə olacaq. Çünki qapıların tutulub saxlanması və digər məsələlərin hər biri yekun nəticədə qapıdakı nasazlığın xəttə yaranması və qatarın məcburi qaydada xətdən çıxarılması ilə nəticələnə bilər. Gün ərzində görülən bir neçə saniyə yubanma dünyanın bütün metropolitenlərində olan bir şeydir. Bunlar qısa müddətdə aradan qaldırılıb tənzimlənən məsələlərdir”.
B.Məmmədov qeyd edib ki, əlavə qatarların hərəkətinin tənzimlənməsi üçün də əlavə mexanizmlər tətbiq olunur: “Yəni manevr işləri olur, qatarlar "Memar Əcəmi" və "Neftçilər" stansiyalarından geri qaytarılır ki, sərnişin axını ən sıx olduğu sahələrdən qısamüddətli axın intensivliyinə uyğun olaraq sərnişinlərin stansiyalardan daşınması təmin edilsin. Eyni zamanda "28 May" stansiyasında yaşıl və qırmızı xətlər bir-birindən ayrıldığından orada da xətt boyunca müəyyən tənzimləmə mexanizmləri tətbiq olunur. Gur olmayan saatlarda isə biz ehtiyat qatarların müntəzəm olaraq xəttə verilib çıxarılması prosesini tənzimləyirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB