Bu gün fevral ayının 27-si Su çərşənbəsidir. Novruz bayramının ilk çərşənbəsi olan Su çərşənbəsini "Yalançı çərşənbə", "Əzəl çərşənbə", "Sular Novruzu" da adlandırırlar. Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. SİA olaraq vətəndaşlardan "Su çərşənbəsini necə qarşılayacaqsınız?" mövzusunda sorğu keçirdik.

Şəhər sakini Elvin Nuri: "Əvvəlcə, çərşənbə münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm. Siz birbaşa mənim sahəmdən sual vermisiniz. Mən Şəki Dövlət Dram teatrının rejissoruyam. Bakıya da çərşənbəyə hazırlıq məsələsi üçün gəlmişəm. Biz Şəki Dövlət Dram teatrı olaraq teatrımızda Novruz ərəfəsində çərşənbələrdən başlayaraq tamaşaçılarımıza - şəhər əhalisi və qonaqlarımıza təqdim edəcəyimiz tədbirlə bağlı hazırlıqlarımız başlayıb. Bilirsiniz ki, bayramda Şəkiyə çoxlu qonaqlar gəlir. Biz qədim adətlərimizi səhnəyə gətiririk. Səhnə vasitəsilə unudulmağa qoymuruq. Bizim bölgənin rəqslərini, xüsusi adətlərini səhnəyə gətiririk. Eyni zamanda uşaqların bayram tətilində bayram münasibətilə tamaşa - Azərbaycan xalq nağılı olan "Şəngülüm, Şüngülüm və Məngülüm" nağılının əsasında, mənim səhnələşdirdiyim səhnə ilə bağlı iş gedir. Bununla əlaqədar həm balaca dostlarımızı, həm də bütün yaş qrupları ilə xalqımızı bu cür təbrik edəcəyik".

Şəhər sakini Şükufə Cabbarova: "Təbii ki, su çərşənbəsi bizim Novruz bayramı ərəfəsində keçirilən ən təntənəli günlərimizdən biridir. Su çərşənbəsinin adı da sudur, yəni evdə təmizlik etmək lazımdır. Həm evi, həm də insan öz daxilini təmizləməlidir. Axşamlar ailə bir yerə toplaşmalı, stolun üstündə hansısa nemətlər olmalıdır. Hamı bir yerdə qeyd edib, bir-birinə xoş arzular çatdırırlar. Novruz bizim ən qədim bayramlarımızdan biridir. Çox gözəl bayramdır, təbiətin, insanın oyanması, ümumiyyətlə, dünyanın dövr etməsini göstərir. Bütün Azərbaycan ailələri çalışır ki, Novruzu, çərşənbələri layiqincə qeyd etsinlər".

Şəhər sakini İsfahan Məmmədov: Hamını su çərşənbəsi münasibətilə təbrik edirəm. Çərşənbə bizim elin adətidir. Təmizlik işləri aparırıq, hazırlıq görürük. Birinci su ayılır deyə, su çərşənbəsi öncə gəlir. Hazırlıqları isə anamdan, nənəmdən belə görmüşəm ki, evi təmizləyir, bayrama hazırlaşırdılar".
Şəhər sakini Zümrüd Hacılı: "Su çərşənbəsində əsas təmizliyə fikir veririk. Pərdələri - hansıları ki, daha gec yuyuruq onlar təmizlənir. Təəssüf ki, mən şəkər olduğum üçün dietik yeməklər yeyirəm. Şəkərbura və paxlava yeməyəcəyəm. Səməni və gül yetişdirirəm. Mən həmişə qlütensiz yeməliyəm, həkim icazə vermir. Novruz bayramını çox sevirəm, o bizim ən gözəl bayramımızdır. Həm çox rənglidir, həm də təbiət yenilənir".

Şəhər sakini Qəhrəman Abdullayev: "Su çərşənbəsini xoş niyyətlə qarşılayırıq. Yazın gəlişi ilə uşaqlara çox qayğı göstərmək, yaza hazırlaşmaq xoşdur. Yavaş-yavaş qış geyimləri, yeməklərinin yerini yaz geyimləri və yeməkləri tutur. Çərşənbə axşamı bir az plov, şirniyyat bişirirlər. Gərək, stolun üstündə su olsun. Su çərşənbəsində həmişə təmizlik edilməlidir. Qəbələ bölgəsində fərqli Novruz adəti yoxdur. Hamı bir-biri ilə bayramlaşır. Su çərşənbəsində yavaş-yavaş qonaq getməyə başlayırlar. Çünki qış mövsümü bitir".

Şəhər sakini Sevinc Mirzəxanova: "Su çərşənbəniz mübarək. Gözəl bayramdır, yazın gəlişini göstərir. Təmizliyə başlayırıq. Su çərşənbəsində tezdən oyanıb suyun üstündən atlayırıq, tonqal da qalayırıq. Mən İsmayıllı rayonundanam. Orada da eyni adətlərdir. Şirniyyat bişiririk, qoz, fındıq təmizləyirik. Hamı üçün ruzili, xeyirli-bərəkətli olmasını arzu edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB