"Xocalı ruhlar şəhəridir" - SORĞU

"Xocalı ruhlar şəhəridir" - SORĞU

Xocalı Xankəndi şəhərindən 14 km şimal-şərqdə yerləşir. 1992-ci ilin qanlı faciəsinə kimi Xocalıda 7 min əhali yaşayırdı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişlər. Şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə qaçmışdır. Hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələmi., onlara amansız divan tutmuşdular. Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin — qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyil. Bu əsl soyqırım idi. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qocadır. SİA olaraq Xocalı sakinlərindən dəhşətli faciəni necə xatırladıqları ilə bağlı hisslərini bölüşdükləri sorğu keçirdik.

Xocalı sakini Rəşad Məmmədov: "1983-cü ildə Xankəndi şəhərində anadan olmuşam. 1988-ci ilin sentyabr aylarında erməni-müsəlman davası başlayanda biz Xankəndindən Xocalıya köçdük. Atam Xocalıda ev tikdi. Orada yaşamağa başladıq. 1992-ci il fevralın 25-dən 26-na keçən gecəyə kimi çox gözəl həyatımız var idi. O vaxt mənim 9 yaşım var idi. 25-i saat 06:00 radələrində Xocalıya hücum etdilər. Atışma gedirdi. Xocalıya hər gün atırdılar. 25 fevral saat 09:00-da biz Xocalını tərk etməyə başladıq. Kətik dağı var ki, o istiqamətə üz tutduq. Qar-qar çayından keçməli olduq. Atam ayağımız su olmasın, meşədə donmasın deyə, bizi belinə alıb çaydan keçirdi. Meşəyə üz tutduq. Səhərə kimi Ağdam istiqamətində yol gəldik. Səhər açıldı, Ağdamın Şelli kəndinə çatmışdıq. Ancaq erməni postunu keçməli idik. Onun üçün də asfaltı keçməli idik ki, erməni postuna girək. Erməni kəndindən Əsgərana gedən asfalt var idi. Orada erməni maşını gəlib Əsgərana tərəf keçdi. Bizdən böyüklər dedilər ki, kim nə bacarır, tez keçsin. Çünki maşın xəbər verməyə getdi. Biz ondan sonra şumluq deyilən yerə girdik. Çingiz Mustafayevin çəkdiyi şəhidlərin 8-i mənim yanımda rəhmətə gedib. 8 insanı mənim yanımda qətlə yetiriblər. Güllələr yağış kimi yağırdı. Dəhşətli gün idi, heç kimə o günləri görməyi arzu etmirəm. İndiki həyatımda da o travma özünü göstərir. Əmim yaralandı, bibim rəhmətə getdi, əmim oğlu, dayım, babam yaralandı, atamın dayısı oğlu hələ də itkindir. İtkin düşən oğlanın ailəsi şəhid oldular. Beləcə dəhşətli gün idi".

Xocalı sakini Xalid Cəfərov: " Xocalı Təyyarə limanının keçmiş əməkdaşı olmuşam. Xocalı bizim qan yaddaşımızdır. Əvvəl onu demək istəyirəm ki, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qanları, canları bahasına Xocalı 32 ildən sonra azadlığına qovuşdu. Mən Xocalıda çox dəhşətlər görmüşəm, o gecəni yaşamış, canlı şahidi olmuşam. İnsanların necə kütləvi şəkildə erməni terrorçuları tərəfindən qətlə yetirilməsinin, ac, susuz o qarlı dağları 15 km gecənin şaxtasında insanların necə əziyyət çəkdiyinin şahidi olmuşam. Xocalıda erməni cəlladlarının törətdikləri vəhşilikləri dil ilə demək çox çətindir. Bunu ancaq yaşayanlar bilər. Xocalı işğal olunandan sonra biz Bakıda məskunlaşdıq, 32 il qaçqınlıq dövrü yaşandı. Allah Prezidentimizə can sağlığı versin ki, bu günü biz xocalılara yaşatdı. Bu gün Xocalıya köç başlayır, böyük quruculuq işləri gedir. Ancaq yenə də Xocalıya qayıdıb orada adaptasiya olmaq bir müddət vaxt alacaq. Çünki Xocalı ruhlar şəhəridir. Xocalıdakı keçmiş həyatımız, xoş günlərimiz yada düşdükcə insanın qanı donur. Bununla əlaqədar hal-hazırda Xocalıda çoxlu işlər görülür. Bu yara sağalan deyil, bir ömür, bir nəsil əziyyəti davam edəcək. Bəlkə bir neçə ildən sonra bütün bunları qismən də olsa, unudarıq. Yaşayarıq, görərik. Hər şeyin yaxşısını arzu edirəm. Bütün xocalılar yurdlarına qayıdırlar. Xocalıda həyat canlanar. Xocalı qanında türk qanı olan bütün insanların qan yaddaşıdır. Orada cüzi də olsa, tibb işçiləri, mülki şəxslər, kimin əziyyəti keçibsə, Allah hamısına ömür versin. Ölənlərə də rəhmət eləsin. Gələcək nəsillər, övladlarımız orada xoşbəxt yaşayarlar. Bununla da yaramıza bir qədər də olsa, məlhəm olar".

Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri, tədqiqatçı, jurnalist Səriyyə Cəfərova: "Xocalıda abadlıq işləri aparılanda məzarlıqlar tapıldı. Görün, neçə il idi ki, camaatın gözü yolda idi. 150 nəfər itkin idi. Bu məzarlıqlarda yəqin ki, itkin kimi tanınan insanlar da tapılacaq. Bu yaxınlarda aşkar edilən məzarlıqda əl-qolu bağlı olan insanların cəsədləri ortaya çıxıb. Onların içində qadınlar və uşaqlar da var".

Xocalı sakini, Xankəndi poçt müdiri Cavid Əliyev: "Mən hal-hazırda Xankəndidəyəm. Burada mənə vəzifə veriblər. Evə 15 gündən bir gedirəm. Burada bu gün tədbir keçirilir. Prezidentimiz Xocalı sakinləri ilə görüşüb. Bu gün də 31 il əvvəlki kimi qar yağıb. Düzdür, o zaman hava daha soyuq idi. Biz sevinirik. Torpaqlarımızın düşməndən alınması bizim başucalığımızdır. Bu da cənab Prezidentin sayəsindədir. Həm də dilimiz uzun olub. Amma həm də kədərlənirik. Çünki burada əvvəl tanıdığımız adamlar artıq yoxdur. Onların bəzisi ölüb, bəzisi də əsirdir. Xocalıda canlanma gedir. Gecə-gücdüz çalışırlar. Cənan Prezident bu işə şəxsən nəzarət edir. Vəziyyət çox yaxşıdır. Ermənilərin hamısı cinayətkardır. Biz burada onlarla yaşaya bilməzdik. Çox şükür, güclü Ordumuz və Prezidentimiz var. Allah bütün şəhidlərimizə rəhmət etsin. Mən 26 fevral günü meşədə idim. İndi o yerləri görürəm və xatirimdə bir də canlanır. Evlərimiz hazır olsun, inşallah öz torpaqlarımızda daimi yaşayarıq".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə