"Dilənmək insana yaraşan bir davranış deyil" - QMİ RƏSMİSİ BİLDİRİB
"Əlbəttə ki, Allah-təala insanı yaradarkən ona ağıl, təfəkkür, fiziki sağlamlıq veribsə, insan öz imkanları daxilində özünün cismani və mənəvi potensial imkanlarından istifadə etməli və özünü yaşatmalıdır. Müqəddəs kitablarda belə deyir ki, Allah göydə uçan quşun və sürünənin, hər hansı bir canlının ruzisini verir və sən insanın ruzisini ayırmazmı?! Allah hər birimizin ruzisini ayırıb. Amma biz onun üçün səy göstərməliyik. İslam dinində bildirilir ki, səbəbsiz yerə heç kim dilənə bilməz. Əgər bir insan möhtacdır və dilənməyə məcburdursa, bu hal istisnadır". Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev deyib.
Onun sözlərinə görə, müqəddəs "Qurani-Kərim" dilənən insanlar barəsində bizi mərhəmətli olmağa dəvət edir: "İnsan ailəsini dolandırmaq üçün bütün səylərini yoxlamalıdır. Əgər görsə ki, ona hətta borc verən də yoxdur və ya ərzaq əldə edə bilmir, belə hallarda dilənməyə məcbur qala bilir. Lakin həmin insan bir yol kənarında ya çoxluq yerdə durubsa, dilənmək niyyəti ilə kimdənsə pul istəyə bilməz. O niyyətlə durmalıdır ki, yoldan keçən kimsə ondan istiqamət soruşa, kömək istəyə bilər. Bu zaman yoldan keçənlər onun duruşundan hiss edirlər ki, bu insanın ruziyə ehtiyacı var. Könüllü olaraq ona yardım edilə bilər. Əgər insan bu vəsilə ilə özünün yaxud ailəsinin dolanışığını təmin edibsə, həmin gün dilənməyi tərk etməlidir. Təəssüf ki, bu gün ölkəmizdə peşəkar dilənçilər var. Məsələn, aylarla küçələrdə, bazarlarda dururlar və həyatlarını dilənməklə keçirirlər. Bu, ən böyük günahlardandır. Şikəst insanlar da əgər ağlından, dilindən və ya başqa bacarıqlarından istifadə edərək pul qazana, ailəsini dolandıra bilmirsə, belə istisna halda qeyd etdiyim şəkildə ruzisini təmin edə bilər".
F.Nurullayev sözlərinə davam edərək bildirib ki, dilənmək insana yaraşmaz: "Allah-təala yaratdığı bütün varlıqlar üçün ruzi ayırıb. Sağlam, ağıllı insan o ruzinin arxasınca getməlidir. Biz də ehtiyacı olduğunu hiss etdiyimiz insanlarla rastlaşırıqsa, yardım əli uzatmalıdır. Bu o demək deyil ki, hər küçədə gördüyümüz dilənən insana əl tutmalıyıq. Əmin olmalıyıq, araşdırmalıyıq ki, həqiqətən ehtiyacı varsa, bu zaman ona dilənçi kimi yox, bir müsəlman bacı-qardaşımız kimi əl tuta bilərik. Bugünkü gündə cəmiyyətdə gərək bir-birimizə qarşı diqqətli olaq ki, belə insanların sayı artmasın. Bunun üçün ictimai qınaq olmalıdır. Biz həmin halda olan insanlara hər dəfə pul verdikcə onlar öyrəşir və nəticədə ehtiyac üçün yox, peşəkar səviyyədə dilənən insanlara çevrilirlər".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB