İctimai nəqliyyat vasitəsinə zərər vuran şəxsləri hansı cəza gözləyir? - VƏKİL AÇIQLADI

İctimai nəqliyyat vasitəsinə zərər vuran şəxsləri hansı cəza gözləyir? - VƏKİL AÇIQLADI

Vətəndaşlar ictimai nəqliyyat vasitələrinə vurduqları zərərə görə hansı məsuliyyət daşıyırlar? SİA olaraq mövzu ilə bağlı Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyevin fikrini öyrəndik.

Onun sözlərinə görə, özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə həm inzibati, həm də cinayət məsuliyyəti nəzərdə tutulub: “Əgər vurulan ziyan az niqdarda, yəni 5 min manatdan yuxarı deyilsə, bu halda İnzibati Xətalar Məcəlləsinin 232-1-ci, yəni əmlakı qəsdən məhv etmə və ya zədələməyə görə məsuliyyətə cəlb edilir və şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir”.

Vəkil bildirib ki, özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda, yəni 5 min manatdan atrıq ziyan vurmaqla törədildikdə cinayət məsuliyyəti yaranır: “Bu zaman Cinayət Məcəlləsinin 186.1-ci maddəsinə əsasən, cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ancaq bu əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir”.

Müsahibimiz sonda qeyd edib ki, əgər şəxsin hüquqazidd hərəkətlərində xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər varsa buna görə də cinayət məsuliyyəti nəzərdə tutulub.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə