"Savadlı gənclərin artmasına dəstək verilməlidir" - MİLLƏT VƏKİLİ BİLDİRDİ
“Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra Ulu Öndərin hakimiyyətə gəlişi ilə gənclər siyasətində çox böyük irəliləyişlər əldə edilib”. Bu barədə SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, Heydər Əliyevin təsis etdiyi ilk nazirliyin də Gənclər və İdman Nazirliyi olması bu sahəyə olan önəmin və diqqətin təzahürüdür: “Artıq o dövrdə kifayət qədər gənclər təşkilatları formalaşmağa başlamışdı və bu nazirlik sayəsində onların təşkilatlanması, onlarla işin aparılması daha da sürətlənməyə başladı. Cənab Prezident İlham Əliyev də Azərbaycan gəncləri ilə bağlı çox önəmli dövlət proqramlarının qəbul edilməsinə diqqət ayırıb. Azərbaycanda gənclik dövlət proqramları bir neçə dəfə qəbul edildi. Gənclik forumlarının keçirilməsi, burada cənab Prezidentin iştirakı, gənclərlə mütəmadi olaraq keçirilən görüşlər, gənclər üçün Prezident mükafatı, xaricdə təhsil alan gənclərimizlə bağlı dövlət proqramı istedadların üzə çıxarılması, ən əsası gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi üçün çox önəmli addımlardır. Həmin gənclər də onlara göstərilən etimadı doğrultdular. 44 günlük vətən müharibəsində və antiterror tədbidlərində qazanılan qələbədə gənclərimizin rolu danılmazdır. Bu qəhrəmanlıq səlnaməsi müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazılacaq”.
V.İskəndərov bildirib ki, ölkəmizdə kifayət qədər vətəndaş cəmiyyətinin bir hissəsi olan gənclər təşkilatları fəaliyyət göstərir: “Düşünürük ki, onların hər birini fəal təşkilat adlandırsaq yanılmış olarıq. Çünki kifayət qədər təşkilat var ki, onlar ya fəaliyyətsizdir, ya da zəif fəaliyyət göstərirlər. Bir qrup təşkilatlar da var ki, onlar yalnız qrant layihələrdən bəhrələnməklə hansısa tədbir keçirmək, layihə icra etmək istəyir. Aktiv surətdə fəaliyyət göstərən, böyük təşkilatlanmış gənclər təşkilatları, birlikləri həm də digər formatlarda çalışan kifayət qədər gənclər təşkilatları da mövcuddur. Ümumi nəzər salsaq dövlət gənclər siyasətinin həyata keçirilməsində bu təşkilatlar çox önəmli rol oynayırlar. Gənclərin maarifləndirilməsi, ideya və təkliflərinin qiymətləndirilməsi və həyata keçirilməsi, istedadlı gənclərlə olan tədbirlərin icrasında, vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsi üçün olan bir çox maraqlı layihələrin icrasında aktiv təşkilatların rolunu görmək olar. Dünya sürətlə dəyişir, yeni çağırışlar, tələblər var. Dünya böyük qlobal təsirlər altındadır. Gənclər üçün təhdidlər mövcuddur. Bunlara narkomaniya, dini radikalizmlə, kibercinayətkarlıqla bağlı məsələlər də aiddir. Bunlar heç bir sərhəd tanımır və bütün dünyanı ağuşuna almaqdadır. Burada risk altında olan təbii ki, gənclərdir. Azərbaycan gəncləri diqqətli olmalıdır”.
Deputat qeyd edib ki, vətənimizin inkişafı üçün bilikli, savadlı, elmli gənclərin sayının artmasına, vətənpərvər gənclərimizin daha da çox olmasına, onların ordu və digər sahələrə həvəsinin artırılmasına, gənclərin ideyalarının dəstəklənməsinə dayanmadan dəstək verilməlidir: “Onlarla mütəmadi olaraq görüşlərin keçirilməsi vacibdir. Gənclər hiss etməlidir ki, dövlət institutları, vətəndaş cəmiyyəti onlarla birgə işləyir, onların təklifləri dəstəklənir. Bu gün ölkəmizdə sözün əsl mənasında Gənclər və İdman Nazirliyi, həm Elm və Təhsil Nazirliyi, Gənclər Fondu və gənclərlə bağlı fəaliyyət göstərən böyük təşkilatlar hər biri eyni amala xidmət edir. Bu amal müstəqil Azərbaycanımızın inkişafı, təşəkkül tapması, gələcək çağırışlara cavab verməsi, yeni biliklərin ölkəmizə gətirilməsi, milli-mənəvi dəyərlərin qorunması, Azərbaycançılıq məfkurəsinin bütün geniş təbliğ olunması, ailə dəyərlərinin qorunması və bir çox vacib məsələlərdir ki, bunlar bir çox Azərbaycan gənclərində var. Onun daha da inkişaf etdirilməsi üçün dövlətin gənclər siyasətində vacib məsələlər bunlardır. Düşünürük ki, gənclərimiz də göstərilən etimaddan səmərəli istifadə edərək ölkəmizin daha da inkişaf etdirilməsi üçün səy və bacarıqlarını əsirgəməyəcəklər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB