Sosial medianın uşaqların həyatındakı rolu NƏDİR? - FİKİR BİLDİRİLDİ
"İnkişafları davam etməkdə olan uşaqların inkişafına zərər verən faktorlardan biri, sosial media və internetdə zamanın çox keçirilməsidir. Belə ki, ekrana baxma müddətinin artması uşaqların psixoloji, fizioloji və sosial inkişaflarına neqativ istiqamətdə təsir etməkdədir". Bunu SİA-ya açıqlamasında EDA terapiya psixologiya mərkəzinin psixoloqu Ayşən Bayramova bildirib.
Onun sözlərinə görə, uşaqlar, gündəlik həyatdan o qədər qopurlar ki, özlərinin sosial media kimlikləri ilə var olduqlarına inanmağa başlayırlar: "Belə olan halda isə real dünyada sosial münasibətlər qurmaq yerinə, sosial media dostluqlarına üstünlük verilməyə başlanılır. Sosial əlaqələr, çevrəmizdəki insanların duyğularını anlamaq üçün olduqca önəmlidir. Sosial media və internet üzərindən münasibətlər quran uşaqlar isə empatiya qurmaqda, qarşısındakının nə hiss etdiyini anlamaqda, sözlü və sözsüz ünsiyyət qurmaqda çətinlik çəkə bilirlər. Beləliklə, bir çox sosial bacarığın inkişafı axsamağa başlayır və üz-üzə münasibətləri davam etdirməkdə çətinlik çəkə bilirlər. Sosial media, həmçinin yaxşı görsənən həyatlarla uşaq və yeniyetmələrin həyatlarına real olmayan mövqedən baxmalarına səbəb ola bilir. Bundan başqa sosial medianın təbliğ etdiyi çarpıq gözəllik standartları, yeniyemələrdə özünə hörməti aşağı salır və anoreksiya nevroza, bədən dismorfik pozuntusu, depressiv pozuntu kimi mental sağlamlıq problemlərinin inkişaf etməsinə səbəb ola bilir".
A. Bayramova qeyd edib ki, sosial media platformaları, uşaqların sözlü istismara məruz qalmaları üçün münbit bir sahədir: "Digər təhlükəli faktor isə yaşlarına uyğun olmayan cinsəl məzmunlu paylaşımlar, uşaqların cinsi kimlik inkişafına neqativ təsir göstərməkdədir.
İnternet üzərində qurulan münasibət və dostluqlarda paylaşılmaması gərəkən informasiya və ya şəkillərin paylaşma halları da təəssüf ki qaçınılmaz vəziyyətlərdən biridir.
Ekran qarşısında çox vaxt keçirmək əlbəttə ki akdemik fəaliyyətdə də öz neqativ təsirini buraxmaqdadır. Belə ki, sosial media paylaşımlarına gələn bəyənmələrə və şərhlər beyindəki mükafat mərkəzini hərəkətə keçirərək, dopamin ifarazına səbəb olmaqdadır. Bu isə sosial media hesablarının davamlı kontrol edilməsi və telefona baxmadan vaxt keçirməkdə çətinliyin çəkilməsi deməkdir. Təbii olaraq, diqqətin davamlı yayınması və zamanın səmərəsiz istifadəsi məktəb uğuru üçün təhlükə yaradacaq bir haldır. Valideynlərə uşaqların sosial media istifadəsini bacardıqları qədər gecikdirmələri tövsiyə olunandır. Əgər artıq istifadə baş verirsə, telefon və sosial media istifadəsinə zaman sərhəddi qoyumalı, uşaqlar virtual aləmin təhlükələri barədə davamlı məlumatlandırılmalıdırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB