“Xocalıya qayıdış” - SƏRGİ - FOTOLAR

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar fevralın 22-də Xətai Sənət Mərkəzində “Xocalıya qayıdış” adlı sərgi təşkil edilib.

Bu barədə SİA-ya layihə rəhbəri, sənətşünas təşkilatçı Əli Rəşad məlumat verib.

O, bildirib ki, sərgidə “Rəngarəngəli” art studionun müəllimi, respublikada ən çox şəhid portretleri işləmiş tanınmış gənc rəssam Əli Təhminənin 30-a yaxın yetirməsinin əsərləri nümayiş olunur.

Əli Rəşadın sözlərinə görə, tədbirdə sərgilənən əsərlərdə iki məqam əsas götürülüb: “Bu sərgi 2023-cü ilin sentyabrında həyata keçirilən bir günlük antiterror tədbirlərindən sonra keçirilir. Bu məqamı ona görə qeyd edirəm ki, məhz həmin antiterror tədbirləri nəticəsində bütün ölkə ərazisində dövlət suverenliyimiz bərpa olunub. Eyni zamanda, artıq Xocalıda da üçrəngli bayrağımız dalğalanır. Bu sərgidə nümayiş olunacaq əsərlərdə də həm faciə, həm də qələbə ruhu, Xocalıya qayıdış sevinci əks olunacaq”.

Bildirilib ki, sərgilənən əsərlər rəssamligin müxtəlif texnikalarında çəkilib (yağlı boya, sulu boya və akvarel.)

Əli Rəşad, həmçinin “Xətai Rayon İcra Hakimiyyətinin, Xətai Sənət Mərkəzinin və İSBAM İctimai Birliyinin təşkilati dəstək verdikləri sərgidə hər kəsi görməkdən məmnun olarıq” deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə