"Sosial şəbəkə vahidlərinin tənzimlənməsinə ehtiyac var" - SOSİOLOQ BİLDİRDİ

Sosial şəbəkələrdə şəhidlər adına bir çox səhifələr açılır. İşin təəssüf doğuran tərəfi odur ki, bu səhifələrin bir çoxunun əsl məqsədi yalnızca like, şərh toplamaqdan ibarətdir. İnsanların hisslərini öz "like" oyunlarına alət etmək nə dərəcədə doğrudur? SİA olaraq mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyevin fikrini öyrənib.

Onun sözlərinə görə, bütün bunlar o deməkdir ki, sosial şəbəkə vahidlərinin tənzimlənməsinə ehtiyac var: “2017-ci ildə Almaniya hökuməti sosial şəbəkə operatorları ilə belə bir razılıq əldə etdi ki, yalançı imzalar, saxta profillər, trol səhifələrlə insanlaırn hissiyatına toxunan, təhqir edən, aşağılayan sosial şəbəkə istifadəçilərinin müəyyənləşdirilsin və adları hüquq-mühafizə orqanlarına təqdim olunsun. Mənə elə gəlir ki, bu təcrübə çox yaxşıdır. Çox yaxşı olardı ki, Azərbaycanda da fəaliyyət göstərən sosial şəbəkə vahidlərinin operatorları ilə dövlət razılıq əldə etsin. Bu yolla bu və ya digər insanların adından səhifə açan, hissiyatı ilə oynayan şəxslərin kimliyi müəyyən olunaraq hüquq-mühafizə orqanlarına təqdim olunmasıyla bağlı razılıq əldə oluna bilər”.

Sosioloq bildirib ki, bu kimi hadisələrin yaşanması birinci dəfə deyil: “Dəfələrlə sosial şəbəkələrdə şəhid və qazi adlarına açılan saxta profillər görürük. Bunlarla bağlı ölkəmizdə hüquq-mühafizə orqanları müəyyən addımlar atır və bir neçəsi ifşa olunub. Amma bunun tamamilə aradan götürülməsi üçün qeyd etdiyim razılışmaya ehtiyac var. Sosial şəbəkələr operatorları ilə Azərbaycan hökuməti arasında razılaşma olmalıdır. Çünki belə saxta səhifələr açan istifadəçilər çoxdur. Bu kimi hallarda həmin səhifələrin sahibləri təkcə məsuliyyətə cəlb edilməməli, həm də ifşa edilməlidirlər. Çox yaxşı olar ki, bu kimi hallarla bağlı sosial çarxlar da hazırlansın. Onlara elə gəlir ki, virtual aləmdədir və heç bir nəzarət olunmur. Real həyatda insanların hüquqa, əxlaqa zidd davranışı necə məsuliyyət yaradırsa, virtual aləmdə də belədir”.

Ü.Şəfiyev sonda qeyd edib ki, şəhidlərimizə, qazilərimizə onlara ən müqəddəs insanlar kimi hörmət etməliyik: “Onlar adından sui-istifadə hallarına qarşı olmalıyıq. Onların adı həmişə müqəddəs tutulmalıdır. Şəhidlərimiz Azərbaycanın şərəf tarixini yazıblar, ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçiblər. Biz onların adlarını qoyarkən də unutmamalıyıq ki, onlar bu adları bir ömür müqəddəs bir ad kimi daşımalıdır”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə