"Döyüşdə olduğu kimi, bərpa-quruculuq işlərində də mübariz olacağıq" - KOMİTƏ SƏDRİ BİLDİRİB

"Bu gün Qarabağa qayıdışla bağlı mühüm işlər görülməkdə, tədbirlər həyata keçirilməkdədir. İlk növbədə həmin ərazilərdə təhlükəsizliyin təmin olunması əsas vəzifə kimi qarşıya qoyulub. Bu, çətin bir prosesdir. Çünki erməni faşistləri həmin ərazilərə bir milyondan artıq mina, partlayıcı maddələr yerləşdirib. İndiki vaxtda insanların həmin minalara düşüb həlak olması göstərir ki, bu proses uğurla, səmərəli şəkildə həyata keçirilməlidir. Əlbəttə ki, tikinti, bərpa və abadlıq işlərinin coğrafiyası çox böyükdür və ötən illərdə uğurla davam etdirilən bu işlərə 12 milyard manat vəsait qoyulub". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin komitə sədri Tahir Rzayev deyib.

Onun sözlərinə görə, bu il aparılan tikinti-quruculuq işlərindən əlavə 5 milyard manat vəsaitin ayrılması sübut edir ki, ərazilərdə insanların məskunlaşması, onların normal həyatı üçün lazım olan bütün tədbir nəzərdə tutulub: "Artıq Füzuliyə, Zəngilana, Laçına vətəndaşlarımız köç edir. Onların iş şəraiti, məişət məsələləri nəzərə alınıb, köçürülən insanların əksəriyyəti işlə təmin olunub. Həmin ərazilərdə məktəblər, xəstəxanalar, uşaq bağçaları və digər ictimai iaşə obyektləri fəaliyyət göstərir. Bu ilin əvvəlindən vətəndaşların digər ərazilərə köçürülməsi planlaşdırılır və yaxın aylarda Şuşaya, Kəlbəcərə, Cəbrayıla köç başlayacaq. Sözsüz ki, bu köç prosesi həm ciddi, həm də planlaşdırılma tələb edən bir vəzifədir. Ona görə də dövlət başçısının tapşırığı ilə bu məsələlər ciddi nəzarət və tələbkarlıq şəraitində həyata keçirilir. Ölkə rəhbərinin müntəzəm olaraq işğaldan azad olunmuş ərazilərə səfərləri və orada insanların şəraiti, görülən işlərlə tanışlığı bunu sübut edir".

Deputat sözlərinə davam edərək bildirib ki, bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin, eləcə də Birinci vitse-prezident Mehriban Əliyevanın öz ata-baba yurdlarından uzun müddət ayrı düşmüş vətəndaşlara qayğısı və onların həyat şəraitinə göstərdikləri münasibətin göstəricisidir: "Təbii ki, müəyyən məsələlərin həlli vaxt tələb edir. Çünki düşmən işğal etdikləri torpaqlarımızda daşı-daş üstündə qoymamış, bütün şəhər və kəndlərimizi xarabalığa çevirmişdilər. Lakin Azərbaycan xalqının iqtisadi gücü böyükdür. Düşünürəm ki, döyüşdə qalib gəldiyimiz kimi, abadlıq-quruculuq işlərində də mübariz olacağıq".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə