"Qatarların elektrik xəttində kəsintinin olması utancverici məsələdir" - İZAH EDİLDİ

"Qatarların elektrik xəttində kəsintinin olması utancverici məsələdir" - İZAH EDİLDİ

"Bakı-Xırdalan-Sumqayıt, Bakı-Pirşağı-Sumqayıt qatarları şəhərətrafı daşımalar üçün nəzərdə tutulub". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Ərşad Hüseynov deyib.

Ekspert bildirib ki, dünyanın hər yerində belə qatarlarda oturacaq yerləri var, sərnişinlər yer tapsa, əyləşirlər: "Bir də ayaqüstü sərnişin daşımalarına yol verilir. Bu, normaldır. Bizdə də Bakı-Sumqayıt xəttində işləyən qatarlarda həm oturacaq yerləri var, həm də ayaqüstü sərnişin daşınır. Bu qatarlar bildiyiniz kimi İsveçrənin "Stadler Rail Gruop" şirkətinin qatarlarıdır. Qatarlar haqqında o zaman rəsmi məlumat verilmişdi ki, 4 vaqondan ibarətdir və vaqonlar ayaqüstü və oturanları da nəzərə alanda təxminən 900 nəfər insan daşıya bilər. Oturacaq yerlərinin sayı dəqiq olur. Amma ayaqüstü sərnişinlərin sayı, vəziyyətdən, sıxlıqdan asılıdır. Tutumda müəyyən məhdudiyyət var. Əgər normalda 900 nəfər sərnişin üçün nəzərdə tutulubsa, orada artıq sərnişin daşınması mümkün deyil. Hər halda insanlar minəndə bunu bilirlər.

Metroya bənzər olsa da, metro kimi deyil. İstənilən şəhəriçi avtobus, metroda da ayaqüstü sərnişin daşımalarına yol verilir. Sərnişinlər görəndə ki, artıq minməyə yer qalmayıb minmirlər. Qatarlar da belə olmalıdır. Hətta qatarlarda bir az daha diqqətli olunmalıdır. Çünki burada sürət qatarından yox, sürətli qatardan söhbət gedir. Əsas da həmin qatarların stabil dayanıqlı, fasiləsiz hərəkəti təmin olunmalıdır. Məsələn, ilin, günün bu vaxtında Azərbaycan dünyaya elektrik enerjisi ixrac edir. Belə bir vəziyyətdə qatarların elektrik xəttində kəsintinin olması utancverici məsələdir. Bu, texniki problemdirsə, dərhal və kökündən aradan qaldırılmalıdır. Hansısa elektrik xətti ilə, yaxud da qatarın özü ilə bağlı ola bilər. Bunlar dərhal aradan qaldırılmalıdır".

"Bunun hansı fəsadlar yarada biləcəyi artıq kəsintinin müddətindən asılıdır. Fasilə 3-5-10 dəqiqə olursa, sərnişinlər stansiyada gecikmə kimi qəbul edəcəklər, problem olmayacaq. Amma həmin fasilə uzun müddət davam edirsə, stansiyalar arasında qatardan düşmək də mümkün deyil. Ekstremal hallar olsa, o zaman xüsusi pilləkənlərlə düşmək olur. Amma qatarlar avtobus deyil ki, harada gəldi orada düşəsən. Qatardan minib düşmək üçün mütləq stansiya və platforma olmalıdır. Qeyri yerlərdə sərnişinləri evakuasiya edirlər. O da xüsusi əməliyyat kimi bir şeydir. Hər halda belə hadisələr, uzunmüddətli fasilələr, texniki problemlər olmamalıdır. Uzun müddət davam edərsə, insanların həyəcan, təşviş yaşamasına səbəb olur. Sağlamlığında problem olan insanların bir az vəziyyətlərini gərginləşdirə bilər. Bunun ən ciddi fəsadı sərnişinlərin qatarlara olan etimadının azalmasıdır. Ona görə qatarlar dəqiq qrafiklə işləməlidir.

Bakı-Sumqayıt arasında bu qatarların 2015-ci ildən işə salınması Bakı-Sumqayıt avtomobil yolunda yükü yavaş-yavaş azaltmaqdadır. Qatarlararası interval daha da az olsa, qatarların sayı çox olsa, Bakı-Sumqayıt arasındakı daşımalarda daha böyük rol oynayar. Bunu həmişə deyirik. Amma belə hallar etimadı azaldır. Sərnişinlərin qatarlara etimadını azaldan heç bir qüsur, səhv olmamalıdır. Sərnişin sıxlığının yaranmaması üçün gələcəkdə bu sahəyə dövlətin də dəstəyi ilə daha da böyük investisiyalar qoyulmalıdır. Qatarların sayı artırılmalıdır, hərəkət qrafikləri daha sıx edilməli, dəqiq olmalıdır ki, sərnişinlər stansiyalarda çox gözləməsinlər. Çünki çox gözləyəndə, təbii ki, sərnişinlər çox olur, qatarlar daha dolu olur, vaqonlarda sıxlıq yarana bilər. Çox sıxlıq olmaması üçün qatarların sayını optimallığa qədər artırmaq və qrafiklərini daha dəqiq etmək lazımdır. Təbii ki, yeni qatarlar alınıb investisiya qoyulmalıdır" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə