Heyvanlara əziyyət edənlərə qarşı hansı tədbirlər görülməlidir? - MÜNASİBƏT BİLDİRİLDİ
"Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsinə əsasən heyvanlara rəhmsiz davranaraq onları şikəst və ya tələf etməyə görə şəxslər 500 manat məbləğində cərimə edilir". Bu sözləri SİA-ya danışan Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova deyib.
O bildirib ki, 31 may 2007-ci il tarixli “Ev Heyvanlarının Mühafizəsi haqqında” Avropa Konvensiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının qanunu ilə “Ev Heyvanlarının Mühafizəsi haqqında” 1987-ci il noyabrın 13-də Strasburq şəhərində imzalanmış Avropa Konvensiyası Azərbaycan Respublikasının 10-a dair şərti ilə təsdiq edilmişdir. Həmin konvensiyanın 3.1 maddəsinə əsasən heç bir kəs ev heyvanına lüzumsuz, ağrı və zərər verə bilməz: "Heyvanlar Aləmi haqqında” Azərbaycan Respublikasının qanununun 53-cü maddəsinə əsasən heyvanlarla rəhmsiz davranaraq onları şikəst və yaxud tələf etmək məsuliyyətə səbəb olur. Amma ətrafımıza baxanda görürük ki, heyvanların hüquqları kifayət edəcək dərəcədə qorunmur. Biz bunu sosial şəbəkələrdən də müşahidə edirik".
Sədr sözlərinə davam edərək bildirib ki, heyvanlara qarşı amansız davranan insanlar heç düzgün hərəkət etmirlər: "Düşünürəm ki, 500 manat olan cərimənin miqdarı artırılsa daha yaxşı olar. Bununla bağlı olan qanun daha da sərtləşdirilməlidir. Aidiyyatı qurumlar məsələyə nəzarət etməlidirlər. Düşünürəm ki, məktəblərdə də bununla bağlı layihələr, maarifləndirici işlər görülməlidir. Saytlar və televiziya kanalları da buna dəstək verməlidir. Biz də öz növbəmizdə heyvan sevgisini övladlarımıza da aşılamalıyıq”.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB