Lənkəran Şəhər – Rayon Polis şöbəsinin təşkilatçılığı ilə 22 fevral 2024-cü il tarixində 8 nömrəli tam orta məktəbdə “Narkomaniya və erkən nigahlara yox deyək!” mövzusunda tədbir keçirilmişdir. Polis işçilərinin, ictimaiyyət nümayəndələrinin, ziyalıların, şagirdlərin və valideynlərin iştirakı ilə baş tutan bu tədbiri məktəbin direktoru İlqar Paşayev açmışdır. Lənkəran Şəhər - Rayon Polis şöbəsinin rəisi polkovnik Azər Cahangirov öz çıxışlarında son illərdə rayonda narkomaniyaya və erkən nigahlara qarşı mübarizə ilə əlaqədar polisin həyata keçirdiyi maarifləndirici tədbirlərdən danışmışdır. O, qeyd etmişdir ki, narkomaniya əsrin ən böyük bəlasıdır. Onun fəsadları, insan həyatında buraxdığı acı izləri heç bir faciə ilə əvəz etmək olmur. Bu bəladan qurtulmaq üçün hər bir sağlam adamın üzərinə böyük məsuliyyət düşür. Əgər biz bu məsuliyyəti dərindən dərk etsək və əməli işə keçsək etibarlı gələcəyimizin sağlamlığını təmin etmiş olarıq. Məhz buna görə maarifləndirici tədbirlərin zəruriliyinə daha böyük ehtiyyac duyulur. Aparılan profilaktik tədbirlər nəticəsində əsrin bu bəlasına yoluxma halları azalmışdır. Təbii ki, biz bununla kifayətlənmirik. İstər inzibati qaydada, istərsə də maarifləndirici tədbirlərlə mübarizənizi davam etdiririk…
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü yazıçı-ekoloq Bəxtiyar Hüseynovun çıxışında bu tədbirin əhəmiyyəti bir daha diqqətə çatdırmış, indiki dövrdə narkomaniyanın əsrin bəlasına çevrildiyini və buna qarşı aparılan mübarizədə polis işçilərinin fəallığın xüsusi vurğulamışdır.
Lənkəran – Astara Regional Təhsil Sektrounun müdiri Elman Rzayev öz çıxışında əsrin bəlası olan narkomaniyaya və erkən nigahlara qarşı mübarizədə polis əməkdaşlarının əməyini xüsusi olaraq diqqətə çatdırmışdır. O göstərmişdir ki, son illərdə başda rəis, polis – polkovniki Azər Cahangirov olmaqla Lənkəran Polis Şöbəsinin əməkdaşlarını əsasən ümumtəhsil məktəblərdə keçirdikləri tədbirlər gəncliyimizin mənəvi saflaşmasında, erkən nigahların qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir. Təbii ki, Lənkəran polisinin bu nəcib ənənəsi bu gün də uğurla davam edir. Fürsətdən istifadə edib ziyalılarımızın adından məktəblilərimizin sağlam ruhda tərbiyə olunmasında, təhsil müəssisələrində belə maarifləndirici tədbirlərin keçirilməsində diqqət və dəstəyə görə Azərbaycan Respublikası Daxili İşlər Naziri Cənab Vilayət Eyvazova dərin təşəkkürümüzü bildiririk.
Sonra tədbirdə narkomaniyanın törətdiyi fəlakətləri, bəlaları əks etdirən videoçarx nümayiş etdirilmiş, suallar cavablandırılmışdır.
Bu gün bəşəriyyət bir sıra qlobal fəlakətlərlə üz-üzədir. Belə ümumbəşəri faciələrdən biri də narkomaniyadır. Bəlkə də bunu bəlaların bəlası hesab etmək yerinə düşər. Çünki bu, bilavasitə şəxsiyyətin mənəvi dünyası ilə də sıx bağlıdır. Fəlakətlərin qarşısını almalı olan insan mənəviyyatı dönməz deqredasiyaya uğrayır, geniş mənada insan ölçü hissini itirir. Narkomaniya fəlakətinin mərkəzində gələcəyimiz olan gəncliyin olması daha böyük ümidsizlik doğurur. Çox acı həqiqətdir ki, hər kəs öz qapısını məhz bu bəladan qorumağa çalışır. Amma bu qlobal faciənin qarşısını almaq üçün əl-ələ vermək, fərdlərin, ölkələrin gücünü birləşdirmək, özü də səmimiyyətlə birləşdirmək gərəkdir. Bəli, burada daha çox sağlam qüvvələrin səmimi olması vacibdir. Dövlətdən, aidiyyəti qurumlardan narkomaniyaya bağlı heç bir faktı, heç bir şübhəni gizlətmək olmaz.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən bu sahə üzrə 13 fərman, 56 sərəncam imzalanmış, Milli Məclis tərəfindən isə 38 qanun və digər dövlət sənədləri qəbul edilmişdir. İlham Əliyev çıxışların birində demişdir: “Məlumdur ki, narkomaniya və narkobiznes insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan və cinayətkarlığın artmasına səbəb olan amildir.”
Bir neçə Dövlət Proqramı qəbul edilmişdir. Gənclərin taleyinə böyük qayğı göstərən ölkəmiz bu ümumibəşəri xəstələyin caynağından gələcəyimizi xilas etmək üçün var qüvvəsi ilə çalışır. Bu mübarizə sistemli və təsirli yollarla-dövlətin, ictimaiyyətin və fərdlərin gücünü birləşdirməklə həyata keçirilir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası (bundan sonra Dövlət Komissiyası) yaradılmışdır. Dövlət Komissiyası var gücü ilə, xüsusilə radio-televiziyanın, ümumən müasir medianın imkanlarından istifadə etməklə gündən-günə mübarizə üsullarını təkmilləşdirir, effektiv nəticələr əldə edilir. Bu sahədə dövlət orqanları, xüsusilə Daxili İşlər Nazirliyimiz barışmaz və yorulmaz mübarizə aparır. Narkomaniya qlobal sosial problem, milyonlarla insanın həyatına son qoyan dəhşətli müharibədir. Bu müharibə başqa amansız müharibələr kimi insanların genefondlarını məhv edir. Narkomaniya, heç də bəzilərinin dediyi kimi, xəstəlik deyil. Bu heç sağlam insanlara xas olan adi bir eyib də deyil. Narkomaniya şəxsiyyətin total məğlubiyyəti və onun sağlamlığının amansız iflasıdır.
2021-ci ildə dünyada təxminən 275 milyon insan narkotik vasitələrdən istifadə edib. 36 milyon insan isə narkomaniyanın törətdiyi fəsadlardan əziyyət çəkib. Onlardan 13 milyonu narkotikdən asılı olan insanlardır. Bu siyahıya əsasən ağır sintetik maddələrdən istifadə edən insanlar daxildir ki, onların da yarısı gənclərdir. Təkcə 2019-cu ildə 494 min insan narkotiklərdən istifadə edib və bununla əlaqədar səhhətində yaranan xəstəliklərdən dünyasını dəyişib.
Ən qorxulu məqam ondan ibarətdir ki, mütəxəssislərin haqlı olaraq XXI əsrin bəlası adlandırdığı narkomaniya bütün dünyada daha böyük sürətlə yayılmaqda davam edir. Əgər əvvəllər hər ölkədə çox az sayda insanlar təbii narkotik vasitələrdən istifadə edib uzun müddət yaşaya bilirdilərsə, indi narkomaniya daha kütləvi hal alıb. Bunun bir səbəbi də asan əldə olunan və populyarlaşan böyük sayda sintetik narkotik maddələrin geniş yayılmasıdır. Gənclər arasında sürətlə yayılmaqda olan bu bəla, son vaxtlar bəşəriyyətin ən qiymətli dəyəri olan uşaqların və yeniyetmələrin həyatı üçün böyük təhlükəyə çevrilməkdədir. Narkotikə aludəçilik gənclərin özü üçün, onların ailəsi üçün və cəmiyyət üçün əksər hallarda faciəyə çevrilir. Aparılan araşdırmalardan aydın olub ki, bütün dünyada 11 milyon insan ineksiyalı narkotiklərdən istifadə edir ki, onların da yarısına qədər hepatit C xəstəliyi ilə yaşayır.
Təəssüflə qeyd etməliyik ki, uzun müddət Qarabağımızı işğal altında saxlamış Ermənistan cənub qonşumuz İranla işbirliyinə girərək ölkəmizin qərb ərazilərini narkotrafikə döndərmişdilər. Saysız-hesabsız insanları “ağ ölümün” pəncəsinə vermiş bu namərd qonşular Qarabağ azad olandan sonra da iyrənc üsullarla niyyətlərini davam etdirmək istəyirlər. Əlbəttə bu tendensiya dövlətimizi və cəmiyyətimizi narahat etməyə bilməzdi. Hələ 1990-cı illərin ortalarından, ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdışından dərhal sonra, dövlətçiliyin möhkəmləndirilməsi sahəsində çox mühüm və vacib işlərin olmasına baxmayaraq, bu problemin həllini də nəzarətə götürmüş və bir sıra vacib qərarlar qəbul etmişdir. Ulu öndər narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək, bununla bağlı 1996-cı il avqustun 26-da müvafiq fərman imzalamışdır. Məhz bu fərmandan sonra ölkədə problemin həlli istiqamətində həyata keçirilən tədbirlər öz bəhrəsini verməyə başlamış, xüsusilə narkotrafikun qarşısının alınması ilə bağlı beynəlxalq təşkilatlarla birgə fəaliyyət mexanizmləri işlənib hazırlanmışdır.
Ümummilli liderin milli genefondun qorunmasına və gənc nəslin sağlam böyüməsinə xidmət edən narkomaniyaya qarşı mübarizə siyasəti 2003-cü ildən başlayaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daha geniş şəkildə davam etdirilmişdir. Məhz Cənab Prezidentin tapşırığına əsasən müvafiq strukturların hazırladığı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə” dörd Dövlət Proqramı qəbul edilmişdir. Dövlət başçısının sərəncamları ilə təsdiq edilən 2007-2012, 2013-2018 və 2019–2024-cü illəri əhatə edən bu proqramlar cəmiyyəti narahat edən narkomaniya bəlası ilə mübarizədə hüquq mühafizə orqanları və bu məsələyə cavabdeh olan digər dövlət təsisatları üçün sözün əsl mənasında yol xəritəsinə çevrilmişdir.
Qeyd etməliyik ki, proqramın icrasında ölkənin Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi üzərlərinə düşən vəzifəni uğurla icra edirlər.
İnzibati orqanların üzərinə düşən vəzifələr aydındır: narkotiklərin və narkotik maddələrin qanunsuz dövriyyəsini ən kəskin tədbirlərlə ləğv etmək, onların satışına və yayılmasına imkan verməmək. Bu, məsələnin inzibati yoludur.
Amma bütün bunlarla yanaşı ən vacib olanı gənclərin, yeniyetmələrin bu yola düşməsinə imkan verməmək üçün kompleks profilaktik tədbirlərin görülməsidir. Əgər cəmiyyətimiz bu istiqamətdə lazımi tədbirləri vaxtında, ləngimədən həyata keçirə bilsə, zaman-zaman narkomaniya problemini aradan qaldırmaq istiqamətində çox böyük uğurlar qazanmaq olar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrindən biri olaraq bizim idarəmiz də son illər özündə yeniyetmələr və gənclər arasında narkotiklərə qarşı təbliğatı, cəmiyyətə adaptasiya olunmaq vərdişlərinin formalaşmasını və həyatda çətinliklərin dəf edilməsini özündə ehtiva edən ümumi profilaktik tədbirlərin reallaşmasında yaxından iştirak edirik. Bundan əsas məqsəd gənclərdə narkotik vasitələrə aludəçiliyə yol açan amillərə qarşı təbii müqavimət şəraiti yaradılmasından ibarətdir.
Etiraf etmək lazımdır ki, narkomaniyaya qarşı təbliğatımızın əsas məqsədlərindən biri 2024-cü ilə qədər fəaliyyətdə olacaq “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə” Dövlət Proqramı haqqında cəmiyyəti məlumatlandırmaqdır. Bu istiqamətdə həyata keçirilən tədbirlərə idarəmizlə yanaşı təhsil müəssisələri – orta ümumtəhsil məktəbləri, liseylər, universitetlər, kolleclər də cəlb edilmişdir.
Strategiyada əsas diqqət sağlam həyat obrazının, idmanın, ailə və insani dəyərlərin təbliginə yönəlib. Mütəmadi olaraq xidməti ərazidə yerləşən qeyd etdiyim təhsil müəssisələrində yeniyetmələr və gənclərlə davamlı görüşlər keçirilir,belə ki, onlar arasında “Narkotik vasitələrin insan orqanizminə dağıdıcı təsiri”, “Narkomaniya əsrin bəlasıdır”, “Azərbaycan gənclərinin milli-mənəvi tərbiyəsinin aktual problemləri”, “Ağ ölümə yox deyək” və digər oxşar mövzularda məruzələr oxunur, disputlar və müzakirələr keçirilir.
Atalar gözəl deyib: güc birlikdədir. Hər kənddə, hər obada, hər məhəllədə ictimai fəallarımız var. Onların narahatçılığı təbiidir, əsaslıdır. Onlar dövlətimizi, gələcəyimiz olan gəncliyi sağlam, sabahı ümidli görmək istəyirlər. Məhz bu amal uğrunda bir olmalı, vahid istəkdə olmalıyıq. İnanırıq ki, bu birlik bizi sağlam və etibarlı gələcəyə qovuşduracaqdır.
Bəxtiyar Hüseynov
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB