Məktəb-liseyin yeni uğurları - FOTOLAR

V.Əliyev adına 4 nömrəli məktəb-liseyi Lənkəranın tanınan təhsil müəssisələrindəndir. Bu tədris müəssisəsinin məzunlarının xoş sorağı nəinki respublikamızın hər yerindən, eləcə də əksər xarici ölkələrdən gəlir. Təbii ki, onların arasında bütün ixtisas sahibləri var.

Məktəb-liseyin məzunları Azərbaycan elminin, mədəniyyətinin, ədəbiyyat və incəsənətinin, hərb sənətinin inkişafına böyük töhfə vermiş və verməkdədirlər. Məktəb-lisey tədrisin keyfiyyəti, şagirdlərin yüksək vətənpərvərlik ruhunda tərbiyyə olunması və onlara əmək vərdişləri aşılanması baxımından daim diqqət mərkəzində olub. Elə buna görə də Lənkəran şəhərindəki bu bilik ocağına güclü şagird axını var. Əksəriyyəti rayonun kənd və qəsəbələrindən gəlib burada təhsil alırlar.

Lakin açığını deyək ki, son illərdə məktəb-liseyin öz əvvəlki şöhrətindən, ad-sanından quruca ad qalmışdı. Təlim-tərbiyyənin səviyyəsi aşağı enmişdi. Bəzi müəllimlərdə şagirdlərin fərdi hazırlığına maraq güclənmişdi. Çox haqlı olaraq bu və ya digər nöqsanlara görə məktəbin direktoru dəyişdirildi. Bu vəzifəyə təcrübəli pedaqoq Kazımova Səadət Şirməmməd qızı təyin edildi.

...Səadət Kazımova Lənkəran Dövlət Universitetinin filologiya fakültəsini bitirdikdən sonra A.Məhərrəmov adına Lənkəran şəhər 7 nömrəli tam orta məktəbində ixtisası üzrə işləməyə başlayıb. 2020-ci ilin mart ayında tərbiyəvi-təşkilatçı vəzifəsinə irəli çəkilib. Sonralar bir müddət direktorun səlahiyyətlərini icra edib. 2022-ci ilin dekabr ayının 12-də Səadət müəlliməyə daha bir etimad göstərilib. O, Lənkəran şəhərinin ən böyük tədris ocaqlarından biri sayılan V.Əliyev adına 4 nömrəli məktəb-liseyin direktoru təyin edilib. Hazırda böyük pedaqoji kollektivə rəhbərlik edir. Qısa müddət ərzində öz təşkilatçılıq bacarığı və idarəetmə səriştəsi ilə seçilən Səadət müəllimə rəhbərlik fəaliyyətinə məktəbdə nizam və intizamın bərpasından başladı. İlk növbədə pedaqoji kollektivin məsuliyyətini artırdı, şagirdlərin dərsə davamiyyətinə nəzarəti gücləndirdi. Bir sözlə, yeni rəhbərliyin gəlişi ilə vaxtilə dillər əzbəri olan, yüksək tədris keyfiyyəti ilə seçilən məktəb-liseyin əvvəlki şöhrəti tədricən qayıdır. Təbii ki, bütün bunlar asan başa gəlmir. Köhnə tədris metoduna alışanlar adətən yeniliyi qəbul etmək istəmir, necə deyərlər, təzyiq mexanizmini gizli də olsa işə salırlar.

Məktəb-lisey hazırda şagirdlərin dünyagörüşünü formalaşdıran, onların ictimai-siyasi təfəkkürünü inkişaf etdirən maarifləndirici tədbirlərin əsl ünvanına çevrilib. Təkcə “Heydər Əliyev ili”ndə məktəbdə onlarla tədbir həyata keçirilib. Özü də bu tədbirlərdə valideynlərin iştirakı da təmin olunub. “Heydər Əliyevin Azərbaycan sevgisi”, “Təhsilə və müəllim əməyinə dövlət qayğısı”, “Ulu öndərin gənclər siyasəti”, “Heydər Əliyev və Azərbaycan təbiəti”, “Azərbaycan poeziyasında Ulu öndər obrazı”, “Dahi rəhbərin ideyaları yaşayır və qalib gəlir”, “Heydər Əliyevin ən layiqli davamçısı” və s. mövzularda keçirilən tədbirləri buna misal göstərmək olar.

Məktəb rəhbərliyinin ən çox diqqət yetirdiyi məsələlərindən biri də şagirdlərə doğma Vətən təbiətinə sonsuz sevgi hissi aşılamaqdır. Bununla əlaqədar məktəbdə xüsusi tədbirlər planı hazırlanıb... Həmin plana uyğun olaraq müxtəlif mövzuda ekoloji tədbirlərə start verilir. Bu tədbirlərə çox vaxt ekoloqlar da dəvət olunur, onların təbiətin mühafizəsi ilə əlaqədar çıxışları, tövsiyyələri şagirdlərin ekoloji maariflənməsində mühüm rol oynayır. Eyni zamanda çox vaxt Hirkan və Qızılağac Milli Parklarına gəzintilər təşkil olunur, xüsusi mühafizə olunan bu ərazilərdəki nadir bitki və heyvanat aləmi ilə tanışlıq şagirdlərin yaddaşında silinməz iz buraxır. Bundan başqa keçirilən iməciliklər şagirdlərlə təbiət arasında canlı təmas yaradır. İməcilik zamanı yeni ağac və gül kolları əkməklə, mövcud yaşıllıqlara qulluq etməklə bərabər həm də əmək vərdişləri qazanılır...

Möhtərəm Prezident cənab İlham Əliyev 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan edib... Bu da təsadüfi deyil. Çünki dünya bu gün iqlim dəyişmələrinin törətdiyi fəsadlarla üz-üzə qalıb. Bu fəsadları aradan qaldırmaq üçün beynəlxalq ictimaiyyətin həmrəyliyinə bu gün daha çox ehtiyac duyulur. Keçən ilə beynəlxalq birlik bu məqsədlə Ərəb Əmirliklərində keçirilən COP-28-ci konfransında bir araya gəlib. Növbəti COP-29-un Bakıda keçirilməsi qərara alınıb. Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin ölkəmizin ekoloji həyatında mühüm hadisə olacaq bu konfransın Prezidenti seçilməsi ekologiyamıza göstərilən diqqətin təzahürüdür. Eyni zamanda cənab Prezidentin 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi ekoloji problemlərin həllinə yönəldilən daha bir mühüm addım kimi dəyərləndirilməlidir. Təbii ki, bu il üçün də bir sıra ekoloji tədbirlər planı nəzərdə tutulub.

Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili”nə Səadət Kazımovanın rəhbərlik etdiyi Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli məktəb-liseyin pedaqoji və şagird kollektivlərinin də öz töhfələri vardır.

20 fevral 2024-cü il tarixində məktəbdə 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının iştirakı ilə keçirilən elmi-praktik seminar bu baxımdan mühüm əhəmiyyət daşıyır. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Səadət Kazımova “Yaşıl dünya naminə həmrəyliyi ili” ilə əlaqədar qarşıda duran vəzifələr və COP-29-un mahiyyəti haqqında danışmışdır. Ekoloqların geniş məzmunlu çıxışları dinlənilmiş, videoçarxlar nümayiş etdirilmiş və şagirdlərin ifasında şeirlər və hekayələr səslənmişdir.

Tədbirdə həmçinin şagirdlərin sualları cavablandırılmış və onlara Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bukletləri paylanmış və ekoloji mövzularda yazılan kitablar, tərtib edilən plakatlar məktəb-liseyə təqdim olunmuşdur.

Sonda yekun sözü söyləyən məktəbin direktoru Səadət Kazımova şagirdlərin ekoloji biliklərinin zənginləşməsində belə ekoloji tədbirlərin əhəmiyyətini qeyd etmiş, bu diqqət və qayğıya görə Ekologiya və Təbii Sərvətlər Naziri cənab Muxtar Babayevə və 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirmişdir.
Səadət müəllimə təkcə bir direktor kimi öz fəaliyyətini məhdudlaşdırmır, o Lənkəranın ictimai-siyasi həyatında da fəallıq göstərir. Lənkəran şəhərində 19 saylı seçki məntəqəsinin sədri kimi növbədənkənar Prezident seçkilərində iştirak edib və üzərinə düşən tapşırıqları layiqincə yerinə yetirib.

Təbii ki, istər təhsilin inkişafında yeni uğurlara, istərsə də rayonun ictimai-siyasi həyatında fəallığına görə fəxri fərmanlara və təşəkkürlərə layiq görülüb. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən “Təhsil festival”ında isə fəallıq nümayiş etdirdiyinə görə özü və rəhbərlik etdiyi məktəb-liseyin kollektivi təşəkkürnamə ilə təltif olunub. Səadət xanım həm də innovativ direktorluğu, regionlarda metodik dəstəyin təşkili təlimlərində iştirak edib və öz təəssüratlarını rəhbərlik etdiyi pedaqoji kollektivi ilə bölüşür.

Bəxtiyar Hüseynov
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü.

Bütün xəbərlər Facebook səhifəmizdə