"Piyadaların yanaşması qanunla biraz ziddiyyət təşkil edir" - EKSPERT İZAH ETDİ

"Piyadaların yanaşması qanunla biraz ziddiyyət təşkil edir" - EKSPERT İZAH ETDİ

Bəzən sərnişinlər avtobus sürücülərindən dayanacaqdan kənarda saxlamalarını tələb edir. Sürücü əməl etmədikdə isə mübahisə yaranır. Bu halda günahkar kimdir? SİA mövzu ilə bağlı nəqliyyat eksperti Rövşən Həsənovun fikrini öyrənib.

Onun sözlərinə görə, belə hadisələr daha çox şəhərin mərkəzində yox, şəhərətrafı qəsəbə və kəndlərdə müşahidə olunur: “Bu da ondan irəli gəlir ki, sərnişinlərdə “İstədiyim yerdə avtobusu dayandırıb düşə bilərəm” təəssüratı yaranıb. Bu yanlış bir yanaşmadır. Sərnişinlər bunu onunla əsaslandırır ki, sürücü sərnişini olmayan yerdən götürürsə, eyni şəkildə düşürə də bilər. Sürücülər də bu məsələdə məsuliyyət daşıyır. Düşünürəm ki, burada bərabər yanaşma olmalıdır. Sərnişinin götürülməsindən düşürülməsinə qədər. Hər bir prosedur avtobus üçün ayrılmış dayanacaqda həyata keçirilməlidir”.

Ekspert bildirib ki, dayanacaqlarla bağlı fəaliyyət göstərən qurum var, bu məsələrlə bağlı həmin qurum müvafiq tədbirlər görür: “Ümumiyyətlə mən düşünmürəm ki, dayanacaqlar arasında məsafələr çoxdur. Piyadaların yanaşması qanunla biraz ziddiyyət təşkil edir. Piyadalar onlar üçün ayrılmış piyada keçidinə qalxmırlar, amma sürət həddi 90 olan 3-4 zolaqlı yolda dəmir sədlərin üstündən keçirlər. Müəyyən edilmiş qaydalar var. Yaşından, cinsiyyətindən asılı olmayaraq qaydalara əməl edilməlidir. İstisna hallar ola bilər ki, məsafə uzun olsun. Amma bu üstünlük təşkil etmir. Buna görə də sərnişinlərin, piyadaların özündə də məsuliyyət olmalıdır”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə