“25 il evli olanlar var ki, dini kəbinləri yoxdur” - QMİ RƏSMİSİ AÇIQLADI

“25 il evli olanlar var ki, dini kəbinləri yoxdur” - QMİ RƏSMİSİ AÇIQLADI

Hazırda günümüzdə rəsmi şəkildə illərdir evli olan, amma dini kəbini olmayan cütlüklər var. Bəs, bu dini cəhətdən nə dərəcədə doğrudur? Dini kəbin nə qədər önəmlidir? SİA mövzu ilə bağlı Qafqaz Müsəlmanlar İdarəsinin sədr müavini Hacı Fuad Nurullayevin fikirlərini öyrənib.


Onun sözlərinə görə, bir insan özünü müsəlman, ya hər hansı bir dinin daşıyıcısı bilirsə, o mütləq ailə qurduğu zaman kəbin oxutdurmalıdır: “İslam və başqa təkallahlıq səmavi dinlərdə bu tələb olunur. Ona görə də özünü müsəlman bilən insan ruhani yanına gəlir və bizim məscidlərdəki din xadimlərinə, imamlara müraciət edərək könüllü surətdə kəbini oxutdurur. Mütləqdir ki ailə halallığı, naməhrəmin məhrəm olmağı üçün kəbin oxunmalıdır. Kəbin oxunulmasa bu insanlar bir yerdə ailə həyatı yaşaya bilməzlər.

Bu gün 25 il evli olanlar var ki, dini kəbinləri yoxdur. Əgər bir insan özünü müsəlman bilirsə və nə vaxt başa düşübsə ki, mənim dini kəbinim oxunmalı idi, bunu hər hansı yaşda başa düşsə belə mütləq kəbin oxutdurmalıdır. Amma əgər oxutdurmasa, və yaxud özləri bilirlərsə, tərəflər özləri oxumalıdır. Amma əgər buna imkanı, bacarığı yoxdursa, ruhaniyə, yaxud din xadiminə, məscid imamına müraciət etsin. Onlar məscid imamını öz tərəflərindən vəkil edirlər və kəbinini oxuyur. Yəni dinimizdə əqidədə budur. Azərbaycan demokratik dövlət olduğu üçün bu kəbin heç də o dərəcədə qəbul olunmur ki, insanlar ailə qurduğu zaman mütləqdir, bu bir qanun və əmr qoyulub, xeyr. Dini inanca sahib olan insanlar dini baxımdan mütləq dini kəbini oxumalıdırlar. Etməzlərsə, onlar həmin dinin daşıyıcısı hesab olunmazlar. Bu dini əqidə baxımından mütləq tələb olunan bir məsələdir. Amma bilməyibsə istiğfar, tövbə edər, səhvini anlayar, Allahdan bağışlanmaq istəyər. Hər hansı bir yaşda, lap ailəli olub ya övladları var. Bir zaman başa düşdüsə, o mütləq dini kəbini oxutdurmalıdır. Bu mütləq vacibi hökmdür. Din bunu tələb edir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə