"14 yaşa qədər uşaqların 50%-i məktəbdə bullinqə məruz qalır" - AYDINLIQ GƏTİRİLDİ

"Uşaqlarımızın bullinqə məruz qalmasının qarşısını almaq üçün birinci növbədə uşağımıza özgüvən verməliyik". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Psixoloqun sözlərinə görə, evdə uşağa qarşı şübhəçi yanaşmamalı, çətin problemlərini bölüşə bilsin deyə onunla daha həssas danışmalıyıq: "Əgər uşaq evdə dəstək almırsa, bilir ki, kənardakı bullinqi onun günahı kimi qələmə verəcəklər. Ona görə çox vaxt bu hadisəni evdə demir. Ən sonda intiharlar baş verir. Bunu da hamımız görmüşük.

Mənim məsləhətim budur ki, hərə öz uşağının tərbiyəsi ilə düzgün məşğul olsun. Nəinki bullinqə məruz qalmamaq üçün özünü müdafiə etməyi öyrətsin, başqasına bullinq etməməyi də başa salsın. Bu əsas yollardan biridir. Lakin burada tək valideynlərin yox, həmçinin məktəb rəhbərliyinin, ətraf insanların hər birinin ayrılıqda həyatında olan insanların, dostlarının da təsiri var. Düşünürəm ki, bullinqlə bağlı məktəblərdə nə qədər söhbətlər aparılsa da, ümumi söhbətləri uşaqlar çox vaxt dinləmirlər. Məktəb psixoloqunun öhdəsinə düşür ki, bunu uşaqlarla ayrı-ayrı danışsın. Ən azından yuxarı sinif uşaqları ilə danışmaq lazımdır. Ümumi danışanda bəziləri dinləyir, bəziləri dinləmir. Bu da böyük problemlərə yol açır".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə