"Gənclərin biznes emalatxanası" layihəsinin məqsədi nədir? - MÜNASİBƏT BİLDİRİLDİ

“Gənclərin biznes emalatxanası” layihəsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə 2021-ci ildən icra olunur". Bu sözləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) SİA-ya açıqlamasında deyib.

Layihənin məqsədi peşə təhsili mərkəzlərində təhsil alan gənclərin biznes bacarıqlarının inkişaf etdirilməsi və sahibkarlıq fəaliyyətinə təşviq olunması, özünüməşğulluğunun təmin edilməsi, mikro və kiçik sahibkarlar arasında peşə təhsili almış gənclərin sayının artırılması, yeni biznes təşəbbüslərinin dəstəklənməsi, peşə təhsilinə marağın artırılmasıdır.

İndiyədək layihə Cəlilabad, Ağdam və Qəbələ rayonlarında həyata keçirilib. Layihə dərzi, bitkiçilik və heyvandarlıq, xalçaçılıq, aqrotexniki xidmətlər, dülgər, çilingər, aşpaz, şirniyyatçı, turizm və qaynaqçı kimi sahə və peşələri əhatə edir.

Layihə çərçivəsində Cəlilabad və Ağdam peşə məktəblərində, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təhsil alan gənclər biznes və peşə təlimlərinə cəlb edilib, onlara müvafiq sertifikatlar təqdim olunub. Seçilmiş gənclərin məşğulluq mərkəzlərində qeydiyyata alınması tamamlanıb. Monitorinqlərdən keçmiş 20 nəfərin biznes planlarının hazırlanmasına KOBİA-nın KOB İnkişaf Mərkəzi tərəfindən dəstək göstərilib. Layihə çərçivəsində ilkin olaraq 23 nəfər seçdiyi fəaliyyət sahəsi üzrə aktivlərlə təmin edilib. Digər layihə iştirakçılarına da 2024-cü ildə aktivlərin verilməsi nəzərdə tutulur.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə