"Ziyalılarımız həyatı boyu qoruduğu dili gözəl görmək istəyir" - RƏYLƏR

Dilçilik İnstitunun direktoru Möhsün Nağısoylunun sözlərinə görə, ana dilimizə münasibət yüksək səviyyədədir: “Bəzən müəyyən pozuntular olur, amma bu sahəyə dövlət qayğısı olduqca yüksəkdir. İstər Ulu Öndərin istərsə də varisi İlham Əliyevin zamanında dilimizə dövlət qayğısı həmişə olub.

Dilimizdə xarici sözlərin istifadəsinin qarşısını almaq məqsədilə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılıb. Mərkəz 2020-ci ilin oktyabrından fəaliyyət göstərir. Burada qəzetlərin, televiziyanın, saytların monitorinqi aparılır. Sonuncu dəfə mən iclasda olanda mərkəzin direktoru professor Sevinc Əliyeva bildirdi ki, bir neçə dəfə xəbərdarlıq ediləcək, sonra isə cərimə etməyə məcbur olacağıq”.

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva qeyd edib ki, dilimiz mükəmməl və zəngindir: “Bu dildən istifadə artıq bizim özümüzdən asılıdır. Dilimiz gözəldir, nitqlərimiz fərqlidir. Hər kəsin nitqi də onun vətəndaş kimi məsuliyyətinin, peşə sahibidirsə peşəsinə qarşı münasibətinin və təfəkkürünün göstəricisidir. Bir insan Azərbaycan dilində özünə xas olaraq mükəmməl danışmağı bacarırsa, onun zəngin söz ehtiyatı varsa, deməli bu insan öz peşəsini sevir, bir vətəndaş olaraq özünü təsdiqləyib. Onun Azərbaycançılıq ideologiyasına tam, ruhən, təfəkkürlə bağlılığı nitqində öz əksini tapır.

Mediada Azərbaycan dilinin qorunması olduqca aktualdır. Çünki televiziya, radio aparıcısı düşünməlidir ki, onun dinləyicisi, tamaşaçısı onun nitqi ilə Azərbaycan dilinin bugünkü praktik vəziyyəti ilə tanış olur. Dilimizin bugünkü praktik vəziyyətini bilmək üçün aparıcılarımızın, saytlarımızın mənzərəsini, radio aparıcılarının nitqini müşahidə etmək kifayət edir. Aparılan monitorinqlər nəticəsində televiziya aparıcılarının nitqində Azərbaycan dilinin orfoepiya normalarına riayət olunması baxımından irəliləyiş var. Yanlış nitqin böyük əksətiyyəti aradan qaldırılıb. Bizi narahat edən digər məsələ aparıcının nitqində üslub məsələsidir ki, bu artıq onun təfəkkürünün göstəricisidir. Zəngin söz ehtiyatına malik, Azərbaycan dilinin sabit qrammatik qanunlarına riayət edən aparıcı nitqini düzgün quracaq, istər orfoepiya normaları, istər sintaktik quruluşa riayət etmək baxımından. Nəticədə məzmununa uyğun olaraq verilişinin sevilən aparıcısı olacaq. Eləcə də reklam lövhələrində, qəzetlərdə, saytlarda Azərbaycan dilinin mükəmməlliyini göstərmək üçün hər kəs əlindən gələni etməlidir. Bu bizim vətəndaşlıq borcumuzdur. Bizim müəllimlərimiz çox böyük məsuliyyət daşıyırlar. Ziyalılarımız həyatı boyu qoruduğu dili gözəl görmək istəyir. Dilin keşiyində duran, gözəlliyini olduğu kimi ötürən müəllimlərimiz Azərbaycan dilini gələcək nəsillərə gözəlliklə, zənginliklə, əhatəliliklə ötürülməsini arzulayırlar”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə