Su çərşənbəsinin bilinməyən adətləri NƏLƏRDİR? - FİLOLOQ DETALLARI AÇIQLADI

Su çərşənbəsinin bilinməyən adətləri NƏLƏRDİR? - FİLOLOQ DETALLARI AÇIQLADI

"Bölgələrimizdə ilk çərşənbə fərqli deyimlərlə qarşılaşırıq. Belə ki, su çərşənbəsi olan ilk çərşənbə el arasında su çərşənbəsi, əzəl çərşənbə, cıvrıxçı, cıdırçı, yaxud xəbərçi çərşənbəsi adlanır". Bu sözləri SİA-ya açıqlamasında filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova deyib.

Onun sözlərinə görə, Novruz inanclar içərisində həcmcə böyük yeri su kultu ilə bağlı inanclar tutur: "Bu inanclarda xalqımızın dünya, kainat, varlıq aləmi haqqında ilkin təsəvvürləri öz əksini tapıb. Novruz bayramı bir çox mərasimlərlə müşayiət olunur. Həmin mərasimlərdə suya tapınmanın, pərəstişin – su kultunun izləri açıq-aşkar müşahidə olunur. Novruz inanclarının təhlili xalqımızın su kultu, yəni suyu müqəddəsləşdirmə, onun qeyri-adiliyinə inanma ilə bağlı bir çox təsəvvürlərini öyrənməyə imkan verir. Su çərşənbəsində mütləq evə dan üzü su gətirilir, həmin su ilə aş dəmlənir, çay qoyulur, su üstündən atlanırlar. Sonra əl-üzlərini yuyur, bir-birlərinin üstünə su atır, sifətlərinə su çiləyirlər. Xəstəliyə tutulanları da su üstündən hoppandırırdılar. Adamlar günah işlətməyəcəklərinə, ancaq yaxşılıq edəcəklərinə and içib: Su haqqı, pis əməl sahibi olmayacağam, – deyirlər. Mərasimin təsvirindən göründüyü kimi, burada su kultunun izləri var. Süb çağı axar su ustünə gedər niyyət edərlər, dərdlərini suya danışarlar, sudan mərhəmət umarlar".

İ.Qəsəbova sözlərinə davam edərək onu da bildirib ki, əvvəllər Su çərşənbəsində çərşənbə suyundan pendir mayası tutardılar: "Həmin mayanın içinə buğda, düyü, yumurta, qursaq, qənd atardılar. İnanca görə həmin maya daha yaxşı tutardı. Evlərdə o su ilə xəmir yoğurular, çörək bişirilər. Axşam bayram süfrəsində isə masaya həmin sudan qoyulur. Bunlar inanca görə həmin ilin ruzili-bərəkətli olması deməkdir. İnanclara görə, ilk çərşənbəni necə keçirsən, həmin il axıra qədər elə davam edər".

"Unudulmaqda olan adətlərdən biri də odur ki, bayramdan bir neçə ay əvvəl toyu olan gəlinlərə təzə qırmızı paltar alardılar. Həmin paltarı geyindirib, əlinə səhəng verib, ilk su başına, yəni bulağa göndərərdilər. Su çərşənbəsində təzə gəlin bulaq başına ayaq açdı edər, evə su gətirərdi.

Bu çərşənbədə ailə üzvləri mütləq süfrə başına cəm toplanardılar ki, həmişə bir yerdə olsunlar və ailə bütöv olsun. Evdə olmayanların adına da süfrədə yer düzəldər, onların adına da suya düyü atardılar. Novruz bayramının süfrə bəzəklərindən biri də qoz-fındıqdır. Süfrəyə qoz fındıq qoyarlar ki, qışı sındırıb yaza çıxsınlar",- deyə o əlavə edib.

Müsahibimiz qeyd edib ki, artıq ilk çərşənbədən səmənilər göyərdilməyə başlanır: "Səməni mütləq torpaqda göyərdilər ki, bunun da rəmzi mənası torpağın ruzili-bərəkətli olması ilə bağlıdır. Bu mərasimin aparıcı elementi, mütləq atributu-səməninin göyərdilməsi də qadınların Novruzqabağı hazırlıqlarına daxildir. Göyərdilən səmənilər niyyət edilib qoyular. Əgər səməni yaxşı göyərərsə, demək niyyətin yerinə yetəcək.

Su çərşənbəsində ev-eşik mütləq təmizlənir, bayrama hazırlıq görülür. Məhz bu mənada su çərşənbəsi təmizlik, saflıq, duruluq, dirilik çərşənbəsidir".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə