Mülki Müdafiə fənninin tədrisi həyatımızda nə qədər əhəmiyyətlidir? - QURUM RƏSMİSİ AÇIQLADI

Mülki Müdafiə fənninin tədrisi həyatımızda nə qədər əhəmiyyətlidir? - QURUM RƏSMİSİ AÇIQLADI

Universitetlərdə tədris edilən və bir çox tələbələrin çətin hesab etdiyi “Mülki Müdafiə” fənninin tədrisi həyatımızda nə qədər əhəmiyyətlidir? Bu biliklər həyatımızda hansı önəmli rol oynayır? SİA mövzu ilə bağlı Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəis müavini polkovnik Cavanşir Haşımovun fikrini öyrənib.

O bildirib ki, dinc və müharibə dövründə əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, onların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində gənc nəsillərin öyrədilməsi və maarifləndirilməsi ən prioritet məsələrdən biridir: "Bu sahədə təhsil sisteminin imkanlarından faydalanmaq çox vacibdir. Yetişməkdə olan gənc nəsildə fövqəladə hallar zamanı fərdi və ictimai təhlükəsizliyə diqqətin artırılması, mülki müdafiə ilə bağlı biliklərin, o cümlədən fövqəladə halların qarısının alınması və mümkün fövqəladə hallarda düzgün davranış qaydaları barədə vərdişlərin aşılanması mühüm əhəmiyyət kəsb edir. Ali təhsil müəssələrində verilən əsaslı bilik və bacarıqlara yiyələnən gənc nəsil, həmçinin mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması, onların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində qarşıda duran tapşırıqların həyata keçirilməsində fəal iştirak edən, dərin düşüncəli və müasir baxışlı vətandaş kimi yetişməlidir. Odur ki, ali təhsil müəssələrində peşəkar pedaqoqların səyi nəticəsində gənc nəsil “Mülki Müdafiə” fənnində qeyd edilən istiqamətlərdə zəngin və faydalı biliklərə yiyələnirlər".

C.Haşımov qeyd edib ki, bu fənn üzrə əldə edilmiş bilik və bacarıqlar tələbələrin gələcək həyat və fəaliyyətinə müsbət təsir göstərir, onlar mümkün fövqəladə hadisələr zamanı zəruri davranış vərdişlərinə yiyələnir, belə hadisələr zamanı özlərinin və ətrafdakıların təhlükəsizliyinin təmin olunması işinə müvafiq töhfələr verirlər: "Cəmiyyətimizin təhlükəsiz həyat fəaliyyətinin davamlı şəkildə təmin edilməsinə, maddi və mədəni sərvətlərin etibarlı qorunub saxlanılmasına fövqəladə hallar sahəsində davamlı maarifləndirmə tədbirlərinin aparılması vasitəsilə nail olmaq mümkündür".

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə