Ata aliment verməyə məcbur edilə bilərmi? - VƏKİL AÇIQLADI

"Nikah olmadan uşaq doğularsa, aliment tələb oluna bilər. Əgər atalıq müəyyən olunubsa nikahın olub-olmamağından asılı olmayaraq həmin uşağa görə qadının aliment tələb etmək hüququ var. Həmin alimenti vermək isə atanın vəzifəsidir". Bu barədə SİA-ya açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev deyib.

Onun sözlərinə görə, əgər ata uşağı qəbul etmirsə, yəni hər hansı bir şəkildə ondan imtina edirsə, bu zaman atalığın müəyyən olunması ilə bağlı müvafiq qaydada müraciət olunur: “Məhkəmədə DNT analizi sayəsində uşağın atasının kimliyi müəyyənləşir. Bu zaman qadının həmin şəxsdən aliment almaq hüququ yaranır. Əgər mübahisə yoxdursa və uşaq doğularkən ona ata adı kimi həmin şəxsin adı qeyd olunub, soy adı verilirsə bu halda mübahisəsiz qaydada məhkəməyə müraciət olunaraq aliment tələb oluna bilər”.

R.Əliyev qeyd edib ki, həmçinin, ata-ananın faktiki birgə münasibətindən dünyaya gəlmiş uşaq həmin uşaq atanın varisi sayılır: “Yəni, gələcəkdə atanın nikahdan olan övladları varsa bu uşaq da onlarla bərabərhüquqlu vərəsə sayılır”.

Müəllif: Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə