"23 fevralın üzərindən sadəcə bir xətt çəkirəm" - SOSİOLOQ ŞƏRH ETDİ

"23 fevralın üzərindən sadəcə bir xətt çəkirəm" - SOSİOLOQ ŞƏRH ETDİ

"23 fevral müstəqil Azərbaycanda kişilər bayramı kimi heç cür qeyd edilə bilməz". Bu sözləri SİA-ya açıqlamasında fəlsəfə doktoru, sosioloq Ağasəlim Həsənov deyib.

Sosioloq bildirib ki, bu, mümkün də deyil. Sovet Azərbaycanı dönəmində olub. 23 fevral ordu günü, kişilərin bayram günü kimi qeyd edilirdi. Bu ənənəyə Sovet Azərbaycanı dönəmində azərbaycanlılar istəməsələr belə əməl etmək məcburiyyətində idilər. Çünki Azərbaycan Sovetlər Birliyinin bir parçası, 15 müttəfiq respublikadan biri idi. Sovetlər Birliyinin rəhbərliyi tərəfindən qəbul edilmiş qərarlar, müttəfiq respublikaların hər birində, o cümlədən Azərbaycanda icra edilmək məcburiyyətində idi. Onsuz da, başqa yol yox idi. Bizim tariximizdə bu olub, inkar edə bilmərik. Amma təqdirolunası gün deyil. Hətta xüsusi əhəmiyyətli gün kimi qeyd edilsə belə, biz onu müsbət dəyərləndirə bilmərik.

Çünki tarixə nəzər salsaq, Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ildə qurulmuşdu, cəmi 23 ay yaşaya bildi. 1918-ci ilin 28 mayında elan olunan Cümhuriyyət 23 ay yaşadıqdan sonra 1920-ci ilin 28 aprelində süquta uğradı. Onun süquta uğrama səbəbi məhz Sovet qoşunlarının Azərbaycanı, Bakını işğal etməsi, milli dövlətin mövcudluğuna son qoyması idi. Sovet ordusu Azərbaycan üçün işğalçı ordu idi. Sadəcə Azərbaycan dövlət müstəqilliyini itirdiyinə görə biz azərbaycanlılar Sovet vətəndaşları olaraq dövlətin təyin etdiyi günləri bayram kimi qeyd etmək məcburiyyətində idik. Müstəqillik dövründə isə bütün xalq olaraq bizim baxışımız birmənalı şəkildədir.

23 fevralın nəinki bayram kimi qeyd olunması, adını belə çəkmək olmaz. Adı çəkilərsə də, yalnız neqativ yöndən dəyərləndirmək olar. İşğalçı ordunun Azərbaycan xalqına, dövlətinə qarşı apardığı işğalçılıq fəaliyyətləri açıqlanmalıdır, real tarix çatdırılmalıdır. Düşünürəm ki, bu gün mətbuatda da 23 fevralın adının hallanması belə məqsədəuyğun deyil. Ümumiyyətlə, Azərbaycan gənclərinin tarixi bilməsinin tərəfdarıyam. Bəzən bilmədən ideoloji anlamda tariximizdə olan günlərlə bağlı tənqidi mövqedə olan çıxışlarımız olsa belə, istəmədən gənclərdə bu günlə bağlı yaddaş formalaşdıra da bilərik. Arzuolunan bir şey deyil. Ümumiyyətlə, Azərbaycan gəncləri 23 fevral haqqında heç nə bilməsələr də olar, tarixi bilib əsl həqiqətin mahiyyətinin nədən ibarət olduğunu bilsələr daha da yaxşı olar. Yəni 23 fevralın üzərindən sadəcə bir xətt çəkirəm.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə