Sosial şəbəkələrdə yanvarın 17-də 156 nömrəli məktəbin XI sinif şagirdinin məktəbdən kənarda IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz hərəkətlər etdiyi görüntüləri yayılıb. Valideyn tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub, aidiyyəti üzrə şagird və valideynlərin izahatları alınıb, araşdırma davam edir. Əməldə xuliqanlıq cinayətinin tərkib əlamətləri olduğuna görə fakt üzrə cinayət işi qaldırılıb. Pis əməli törədən XI sinif şagirdi digər qızın başında yumurta sınıdırıb, alnına nalayiq sözlər yazıb, saçını kəsib. Bütün prosesi isə telefonla çəkərək sosial şəbəkədə paylaşıb. Məktəblilərin, yeniyetmə və gənclərin bu vəziyyətə düşməsinə səbəb nədir? SİA olaraq şəhər sakinlərindən "Uşaqların bu hərəkətləri etməsinə səbəb nədir? Uşaqların tərbiyəsində ailənin və məktəbin rolu nə qədərdir? Təhqiredici hərəkət sərgiləyən qıza hansı cəza verilməlidir?" kimi suallarla sorğu keçirdik.

Şəhər sakini Aygün Nəsibli: "Tərbiyə valideyndən başlayır. Uşağa, birinci növbədə, düzgün tərbiyə vermək lazımdır. Onu cəmiyyətə uyğun böyütmək lazımdır. Uşaq bilməlidir ki, qarşısındakı insandır, onunla davranış qaydasını bilməlidir. Uşaqlar evdə valideyndən necə görürlərsə, elə də rəftar göstərirlər. Ona görə valideynlər uşağın yanında daha diqqətli olmalı və sözlərini də diqqətli seçməlidirlər. Valideynlər əsas da qız uşaqlarına qarşı daha çox qorxur ki, heç kim bilməsin. Valideynlər susmamalıdırlar. Hərəkəti edən qıza da azyaşlı olmasına baxmayaraq müəyyən cəza tədbiri görülməlidir".
Şəhər sakini, həkim Zümrüd Mehdizadə: "Hər valideyn istəyər ki, uşağı yaxşı tərbiyə alsın. Uşaqdan asılıdır. Bilmirsən ki, necə olacaq. Bütün ailəsini öldürən gənc şizofren idi, xəstəxanaya yerləşdirmək lazım idi. Ona görə valideyn hər an uşaq haqqında məlumatlı olmalıdır və uşağa ağıl verməlidir. Məktəbdə, evdə, cəmiyyətdə, küçədə özünü necə aparması barədə məlumat verməlidir. Ailə və məktəb uşağa tərbiyə verməlidir. Çox çətin vəziyyətdəyik, çətin zəmanədir. Uşaqların da üzərində möhkəm dayanmaq lazımdır".

Şəhər sakini, şəhid atası Sabir Muradov: "Uşağın qəddar olmasının səbəbi mütləq genlərdən asılıdır. Bundan başqa məktəbin, ailənin, cəmiyyətin də təsiri var. Ancaq qəddarlıq mütləq kökə, nəsilə gedib çıxır".

Şəhər sakini Vaqif Kərimov: "Belə fikirləşirəm ki, uşaqları cəzalandırmaq da olmaz, məktəb şagirdləridir. Yəqin nəsə olub, ancaq o hərəkətlərinə görə ciddi cəzalandırmaq lazımdır ki, ikinci dəfə təkrar olunmasın. Valideynlərdə də çox günah var, onlar da uşaqlarına görə məsuliyyət daşıyırlar. Təhqir olunan qızın valideynləri nə desələr, düz sayılır. Birtəhər razılığa gəlmək lazımdır. Birinci dəfə keçmək olar. İkinci dəfə yaxşı olmaz. Pis rəftara məruz qalan qızın valideyni mən olsaydım, bunu keçməzdim".

Şəhər sakini Təranə Rəhimova: "Bu hadisənin nə valideynlə əlaqəsi var, nə də məktəblə. Hamısı uşaqların psixologiyasından asılıdır. İnternet, sosial aləm uşaqlara təsir edir. Bizim kimi düşünmürlər. İnsanlıq, başqa dəyərlər haqqında fikirləşmirlər, onlar üçün hər şey gülməlidir. Əyləncə üçün edirlər. Təhqir olunan qızın da hər şeydən xəbəri var. Onlar onu sosial şəbəkə üçün edirlər. Valideynə aidiyyəti yoxdur. Uşaq özünü qorumağı bacarmalıdır. Valideyn maksimum uşağı öyrədə bilər ki, səni vururlarsa, sən də vur. Uşaqların psixologiyasında problem var. Heç nə etmək olmaz. Hamısı saatlarla telefonda oturan uşaqlardır".
Şəhər sakini Aysu Aslanzadə: "Düşünürəm ki, valideynlər uşaqları körpəlikdən tərbiyə etməlidirlər. Çünki uşaq ailədən görür. Təhqir olunan qızın valideynləri, birinci növbədə, həmin qızı psixoloqa aparmalıdırlar. Tədbirlər görülməlidir ki, bir də təkrar olunmasın. Məktəbin də çox rolu var. Psixologiya dərsləri keçirilməlidir. Valideynləri uşaqları ilə bağlı məsələlərdə daha çox maarifləndirməlidirlər. Məncə, pis hərəkəti edən qızın da psixoloji problemi var. Cəzalandırmaqdan çox psixoloji dəstəyə ehtiyacı var".

Şəhər sakini Əli Bayramov: "Yəqin ki, təhqir olunan qız səhv addım atıb, digəri də ona töhmət kimi cəza verib. Əslində, düz deyil. Hər halda razılığı olmasa, digəri risk edib o addımı ata bilməz. Əgər edibsə, pis hərəkəti edənə cəza vermək lazımdır. Çünki onun valideyni və mühiti ona dərs verməyib. Səhv edənin hərəkəti valideynindən asılıdır. Lazım olanda tədqiqat görməyiblər. Aqressiv hərəkət isə ən azından xoşagələn deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB