""Azəriqaz" deyir ki, qazın təhlükəsizliyinə cavabdeh deyil" - EKSPERT TƏNQİD ETDİ

""Azəriqaz" deyir ki, qazın təhlükəsizliyinə cavabdeh deyil" - EKSPERT TƏNQİD ETDİ

“Azəriqaz"ın başbilən “alim”i İlkin Behbudov deyib ki, su qızdırıcılarını hamamdan çıxarıb mətbəxə qoymaq lazımdır. Bu insan bisavaddır. Azərbaycan xalqı 90 ildir hamamxanada qazdan istifadə edir. 90 ildir də hamamxana ayrı, mətbəx ayrı olub. İki il əvvəl yeni qanun çıxıb ki, hamamxanalara qızdırıcı qoymaq qadağandır. Bu dünya cəmiyyətində təsdiq olumuş, alimlərin mütəfəkkirlərin dediyini kim inkar edə bilər?! İnsanlar illərdir hamamxanalara suqızdırıcılar qoyur. Niyə o vaxta qədər belə hallar baş vermirdi indi baş verir? Ona görə ki, illərdir əhalinin qapısını açan, lazımi qədər maarifləndirmə aparan yoxdur”. Bu barədə SİA-ya açıqlamasında kommunal məsələlər üzrə ekspert Nüsrət Qasımov deyib.

Onun sözlərinə görə, illərdir tüstü bacaları təmizlənmir. Beynəlxalq standartlara görə tüstü bacaları kvartalda bir dəfə təmizlənməli, hamam otaqlarında ventilyasiya kanalı olmalıdır: “Bu kanal isə bir saatda otağın havasını 3 dəfə dəyişmək iqtidarında olmalıdır. Tüstü bacaları təmizlənmirsə ora gəmiricilər düşə, quşlar yuva qura bilər. Tüstünün ötürülməsi mümkün olmursa əlbəttə içəridə qalacaq. Bu zaman hamamda olan insan da zəhərlənəcək. Bir kubmetr qazın tamamilə yanması üçün 9.1 kubmetr oksigen lazımdır. Oksigen yanmaya kömək edir. Tüstü bacaları damdan yarım metr hündürdə olmalıdır. Eyni zamanda bacanın üstündə papaq olmalıdır ki, yağış tökülməsin, quşlar orada yuva qurmasın, gəmiricilər daxil ola bilməsin. "Azəriqaz" bu adi həqiqəti dərk edə bilmirlər. Elə deyirlər ki, hamamlardan suqızdırıcıları yığışdırılsın. Siviliziya dövrüdür, camaat mətbəxi studiya şəklində edir. Hamamda bir nəfər zəhərlənirsə mətbəxdə olan bütün ailə üzvləri zəhərlənəcək. Deməli bütün ailə üzvlərini qırmaq istəyirlər?"

Ekspert bildirib ki, hazırda əhalinin istifadəsində milyonlarla kustar üsulla hazırlanmış cihazlar var: “Necə etmək lazımdır ki, evlər müasir cihazlarla təmin edilsin. Bu barədə düşünmək lazımdır. İnsanlar milyonlar xərcləyib villa tikir amma 30 manat verib dedektor qoymaq istəmir. Əgər dedektor yoxdursa qaz verilməməlidir. Kim qanunlara tabe olmursa, özbaşına cihaz quraşdırır, təmir işləri aparırsa cəzalandırılmalıdır. Təmir işləri görən şəxsin lisenziyası olmalıdır. Yoldan keçən hər kəsi gətirib iş gördürürlər. Burada əhalinin də məsuliyyəti var. Ona görə də maarifləndirmə işləri aparılmalıdır. Yerində praktiki xidmət göstərilməlidir. "Azəriqaz" təhlükəsizliyə ev sahibi ilə birlikdə məsuliyyət daşıyır. Mən uzun müddət o sistemdə işləmişəm, belə biabırçılıq görməmişəm. Niyə illərdir belə hallar baş vermirdi, indi baş verir. Hər kəs əhalinin üstünə gedir ki, məsuliyyət sizdədir. Mən illərdir tapa bilmirəm ki, tüstü bacalarını kim təmizləyəcək. Bələdiyyələr, Yanğından Mühafizə idarəsi yaxın durmur. Bəs buna nəzarət edən kimdir?! Bir şirkət var bacaları təmizləyir, hər bacanın qiyməti də 20 manat. Pensiyaçı haradan alsın o pulu?"

N.Qasımov bildirib ki, əvvəl kolxozda gənc biri vəfat edəndə sədri vəzifədən kənarlaşdırırdılar: "“Azəriqaz" deyir ki, qazın təhlükəsizliyinə cavabdeh deyil. Bəs nəyə cabahdehdir? Milyonlarla evə minadan təhlükəli maddəni buraxıb onun necə istifadə edilmədiyinə nəzarət etmirlər. Necə olur ki, dedektor olmayan evlərdə qazın verilişi təmin edilir? Necə olur ki, mağazada zamanı keçmiş məhsulların satışına nəzarət edilir amma keyfiyyətsiz qazın verilişinə heç kim qarışmır. Qaz mavi rəngdə yanmalıdır. Bizdə isə bir gün qırmızı, bir gün sarı, bir gün yaşıl yanır. Bunun keyfiyyəti nə dərəcədə olacaq? Qazın tərkibindəki zəhərli maddələr evlərə verilmədən əvvəl təmizlənməlidir. İstər əhali, istərsə də "Azəriqaz" tərəfindən edilən etinasızlıq heç bir əndazəyə sığmır. Qanuna görə əgər bir yerdə yanğın, partlayış təhlükəsi varsa həmin obyektə qazın verilişi dayandırılmalıdır. "Azəriqaz"ın “Başbilən”i deyir ki, bir ay vaxt verib. Bu bir ay ərzində qaz zərərsiz olur? Vaxt niyə verilir? Qanun pozulursa dərhal qazın verilişi dərhal dayandırılmalıdır”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə