“Səhv xırda bir şeydir. Bu halda insan etiraf edib üzr istəsə, bağışlanar. Amma günahlar üçün tövbə etmək lazımdır. İnsan böyük xətalar etdikdə bu günah sayılır. Günah edən insanları isə axirət günü Allah qarşısında əzab gözləyir”. Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev deyib.
Onun sözlərinə görə, insan etdiyi günahı mütləq etiraf etməlidir: “Lakin elə günahlar var ki, onlar üçün tərəflər bir-birindən bağışlanmaq istəməlidir. Məsələn, bir insan başqasının haqqını (qul haqqını) yeyibsə, mütləq həmin adamdan halallıq almalıdır. Əgər övlad valideyninə haqsızlıq edibsə, ondan bağışlanmaq istəməlidir. Ola bilər ki, kimsə digərindən bir şey alıbsa, mütləq bu dünyada onu geri qaytarmalıdır. Qul haqqını, valideyn haqqını yeyən insanı heç Allah da birbaşa bağışlamır”.
“Amma insan övladı kiminsə haqqını yeyibsə və həmin insan dünyadan köçübsə, dinimiz bu halda deyir ki, axirət günündə tərəflər çağırılıb üzləşdirilər. Əgər qarşı tərəf insanın günahını bağışlayarsa, Allah da onu bağışlayar, əksinə bağışlamazsa o biri dünyada cəzası verilər. İnsan günah etdiyini başa düşürsə, tövbə etməli və Allahdan bağışlanmaq diləməlidir. Əgər etməzsə, onun üçün qiyamətdə cəza və əzab var”,- deyə o əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB