“Cəmiyyət bundan əziyyət çəkir" - PSİXOLOQ NARAZILIQ ETDİ

“Cəmiyyət bundan əziyyət çəkir" - PSİXOLOQ NARAZILIQ ETDİ

Bir çox müəssisələrdə, yollarda və s. qadağalar olmasına baxmayaraq vətəndaşlar bunlara əməl etmir. Qapalı məkanda siqaret çəkmək, icazə verilməyən yerdən yolu keçmək, qadağan olan yerlərdə şəkil və video çəkmək bunlardan ən sadə olanlarıdır. İnsanlar nə üçün qaydalara əməl etmir? Qadağalara bilərəkdən əməl etməmək insanlar arasında normal qəbul edilməlidir yoxsa bunun arxasında hansısa psixoloji problem var? SİA mövzu ilə bağlı psixoloq Vəfa Rəşidovanın fikrini öyrənib.

Onun sözlərinə görə, insan elə bir məxluqdur ki, özbaşına buraxsan bir-birini yeyər: “İnsan qanunlara tabe olmalıdır. Qanun qoyulmalı və ona tabe olmayan maddi cəzalandırılmalıdır. İnsan maddiyatından keçəndən sonra qaydalara riayət edir. Amma bu gün cəmiyyət olaraq şahidi oluruq ki, kimi siqareti, kimi içdiyi suyun qabını yerə atır. Biz bu hala normal baxırıq, yaxınlaşıb nəsə deməyə cürətimiz çatmır. Çünki qarşımızdakı insan o qədər tərbiyəsiz olur ki, ona söz deməyə abırımızdan utanırıq. Cəmiyyətdə “Sən kimsən mənə nəsə deyəsən?” tendensiyası yaradılıb”.

Psixoloq bildirib ki, bu psixoloji bir problem deyil, davranış pozğunluğudur: “Cəmiyyət bundan əziyyət çəkir. Bu insanlar evində də bu cür davranır. Davranış pozğunluğu psixologiyada xüsusi yer tutur. Cəmiyyət davranış pozğunluğu olan insanların əlindən bezara gəlib. Qoyulan qadağalara əməl etməyən insanlar davranış pozğunluğu olanlardır və heç vaxt müalicə almayıblar. Onların ailəsində bu normal qarşılanır və kənarda da bunu etdikdə onlar üçün qeyri-adi hal kimi görünmür. Onlara bunun düzgün olmadığı deyiləndə isə deyən adam özü dəli sayılır ki, gəlib müdaxilə edir. Ona görə də belə halların qarşısını almaqdan ötürü toplum üçün maddi cəza verilməlidir. Əgər sən mənim ölkəmi kirlədirsənsə, məsuliyyətə cəlb olunmalısan və etdiyin yanlış davranışa görə ödəniş etməlisən. Ondan sonra görün bir nəfər qapalı yerdə siqaret çəkə, yaxud harasa ata bilərmi”?

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə