Məhkəmədən bildiriş gəldikdə ora getmək vacibdir? - VƏKİL İZAH ETDİ
“Mülki Prosessual qanunvericiliyə əsasən, məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir”. Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.

Onun sözlərinə görə, işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və məhkəməyə vaxtında gəlmələrinə imkan yaratmaq üçün məhkəmə bildirişi onlara məhkəmə iclasının və ya müvafiq prosessual hərəkətin tarixinə ən azı 10 gün qalmış verilir.
Zərurət olduqda işdə iştirak edən şəxslər məhkəmənin tapşırığı ilə məhkəmə işçisi tərəfindən xəbərdar edilə, yaxud çağırıla bilərlər: “Məhkəmə bildirişlərinin verilməsi ilə bağlı cinayət və mülki prosessual mühakimə icraatında müəyyən fərqlililiklər mövcuddur.
Belə ki, mülki icraatdan fərqli olaraq cinayət mühakimə icraatında məhkəmənin çağırışlarına gəlmək məcburidir.
Mülki prosessual icraatda ancaq çağırılmış şahid, ekspert və ya mütəxəssis məhkəmə tərəfindən üzürsüz hesab edilən səbəblərə görə məhkəmə iclasına gəlmədikdə, o, yüz on manatadək cərimə edilə bilər.
Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə onsuz baxmağa haqlıdır”.
Vəkil sözlərinə belə davam edib: “Tək istisna qayda ondan ibarətdir ki, dövlət mənafeyi ilə əlaqədar irəli sürülən, habelə aliment alınması, xəsarət yetirmə və ya sağlamlığı başqa şəkildə pozma, yaxud ailəni dolandıranın ölümü ilə vurulan ziyanın ödənilməsi haqqında tələblər üzrə cavabdehin olduğu yer məlum olmadıqda, məhkəmə polis orqanları vasitəsi ilə cavabdehin axtarışını elan etməyə borcludur. Cinayət-Prosessual icraatda isə çağırılan şəxs çağırışa gəlmədikdə bu məcburi gətirilə bilər. Məcburi gətirilmə şəxsin cinayət prosesi aparan orqana məcburi çatdırılmasından, habelə istintaq və ya digər prosessual hərəkətlərin aparılmasında onun iştirakının məcburi təmin edilməsindən ibarətdir. Təqsirləndirilən şəxs üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlmədikdə o, məhkəmənin qərarı əsasında məhkəmə iclasına məcburi gətirilə bilər və bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslar olduqda, onun barəsində qətimkan tədbiri seçilə bilər və ya seçilmiş qətimkan tədbiri daha ağırı ilə əvəz edilə bilər.
Zərər çəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham üzrə məhkəmə baxışı zamanı məhkəmə iclasına təkrarən gəlmədikdə, məhkəmə iclasına üzrlü səbəblərə görə gəlməsinin təkrarən mümkünsüzlüyünü məhkəmə iclası başlananadək məhkəməyə bildirməmişsə, məhkəmə öz qərarı ilə onun barəsində məcburi gətirilmə haqqında qərar çıxara bilər. Mülki-Prosessual icraatda isə yalnız yuxarıda qeyd olunan istisna hallarda işdə iştirak edən şəxs məcburi gətirilə bilər. Mülki-Prosessual icraatda digər hallarda isə şəxs məhkəmənin çağırışlarına gəlmədikdə məsuliyyətə cəlb olunmur, lakin işdə iştirak edən şəxslərin gəlməməsi məhkəmə tərəfindən işə baxılmasına da mane olmur.
Əgər əmək fəaliyyəti ilə məşğul olan vətəndaşlara rəsmi olaraq məhkəmə bildirişi gəlmişsə, onlar həmin bildirişi işəgötürənə təqdim etməklə rahat bir şəkildə məhkəmə proseslərində iştirak edə bilərlər. Əgər onların məhkəmə proseslərində şəxsən iştirakı mümkün deyilsə, vəkil və nümayəndələri vasitəsilə də məhkəmədə təmsil oluna bilərlər”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB