Bünövrədən ev alanların NƏZƏRİNƏ - EKSPERT XƏBƏRDARLIQ ETDİ

Bünövrədən ev alanların NƏZƏRİNƏ - EKSPERT XƏBƏRDARLIQ ETDİ

"Bünövrədən ev almaq təbii ki, ucuz başa gəlir. Buna iki nəzəriyyə təsir göstərir. Həm binanın hazırlıq səviyyəsi, həm də bina inşa olunanadək ilbəil hissəli ödəniş imkanlarının olmasıdır. Vətəndaşlar üçün hissəli ödəniş daha cəlbedici olur. İlkin ödəniş edirlər və ev inşa olunana kimi 2-3 il ərzində qalan məbləği də ödəyirlər. Əhalinin bir çoxu üçün bu, onların gəlirinə uyğun optimal sayılır. Bu zaman mütənasib qiymət artımı da baş tutur. Tikinti şirkəti qiyməti qaldırır". Bu sözləri SİA-ya açıqlamasında əmlak və inşaat üzrə ekspert Elnur Azadov deyib.

Onun sözlərinə görə, bünövrə səviyyəsində mənzil alarkən həm də seçim çox olur: "İstehlakçı istənilən mərtəbədən və ya sahədən mənzil ala bilir. Lakin fikrimcə, bu prosesin riskli tərəfləri də çoxdur. Əlbəttə ki, havada olan bir mənzilə pul ödəmək təhlükəli ola bilər".

"Tövsiyə edərdim ki, vətəndaşlar bünövrə səviyyəsindən ev alarkən satış edən şirkəti yaxşı araşdırsınlar. Bina tikildikdən sonra onun idarəetmə məsələsi də var ki, qanunvericiliklə nəzərdə tutulmuş qaydada tikinti şirkəti 6 ay ərzində binanın idarə olunmasınə sakinlərə təhvil verməlidir.

Daha sonra hesablaşma baxımından heç bir halda nağd şəkildə pul ödəmək tövsiyə olunmur. Həmin vəsaitin tikinti şirkətlərinin hesablarına köçürülməsi, maliyyə arayışlarının əldə olunması və hətta bina inşa olunduqdan sonra da ödənişin mərhələ-mərhələ edilməsi məsləhət görülür",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə