"Uşağın tələbatları ödəndikcə özgüvəni də formalaşır" - PSİXOLOQ AÇIQLADI

"Uşağın tələbatları ödəndikcə özgüvəni də formalaşır" - PSİXOLOQ AÇIQLADI

“Təbii ki, istər sosial, istər mədəni mühitin uşağın inkişafına təsirləri danılmazdır. Burada xüsusilə uşağın ilk ünsiyyətdə olduğu insanların, ailəsinin də onun inkişafında təsirini ayrıca bildirmək lazımdır. Uşaqların inkişafıı xüsusilə 7 yaşına qədər çox aktivdir. Uşaqlarda davamedici 3 proses var ki, bu da həm psixi, həm nitq, həm də fiziki inkişaf şəkildə gedir. Məsələn 1-2 yaşlı uşaqların nitqini inkişaf etdirmək üçün valideynlər onları yeni əşyalarla tanış etməli, onların adını uşaqlara söyləməlidirlər". Bu sözləri SİA-ya açıqlamasında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman-Klinik psixoloq Narınc Rüstəmova deyib.

Onun sözlərinə görə, uşaqların doğulduğu, böyüdüyü mühit ən vacib amillərdən biridir: "18 ayına kimi uşaqlarda emosional ünsiyyət vacibdir bu xususilə ailəsi və anası ilə olmalıdır. Uşağın tələbatları ödəndikcə özgüvəni də formalaşır. Xüsusən 3 yaş yaş dönəmində bağçanın uşaqların inkişafında xüsusi rolu var. Həmçinin deyə bilərik ki, oyunlar uşaqların inkişafında əvəzsizdir. Valideynlər övladları ilə sadə oyunlar oynayaraq həm də, onların inkişafına kömək etmiş olur. Eyni zamanda valideynlər uşaqların sual verməsinə şərait yaratmalı və hər bir sualı səbrlə cavablamalıdırlar. Bəzən isə valideynlər bu suallara necə cavab verəcəklərini bilmirlər və övladlarının bu qədər xırdalığa enməsi, gün ərzində çoxlu sayda suallar verməsi onları yorur və narahat edir. Hətta valideynlər bir çox hallarda bu sualların bir hissəsini mənasız kimi qiymətləndirir və cavab vermək istəmir. Uşaq isə öz növbəsində cavab almaq istəyir və yeni-yeni suallar da ünvanlamağa başlayır. Nəticədə, bu hal valideynlərin bezməsinə, sanki övladının onu ələ salırmış kimi hiss etməsinə və uşağa əsəbləşməsinə gətirib çıxarır. Hətta, bu problemlə psixoloqa müraciət edən valideynlər bu vəziyyətin anormal olduğunu, normal uşağın bu qədər sual vermək bacarığına malik olmadığını bildirirlər. Əslində qeyd etməliyik ki, uşaqların sual verməsi və cavab gözləməsi heç də anormal hal hesab edilmir. Belə ki, 4 yaşından etibarən uşaqlar gün ərzində 50-200 arası sual verə bilər. Uşaq heç bir sual vermirsə, əksinə bu zaman valideynlər narahatlıq keçirməlidir. Təxəyyül analizi, ümumiyyətlə analizin güclənməsi dönəmində uşaqlar ətraf mühiti dərk etməyə başlayırlar. Bu zaman artıq, onlar ətrafda olan əşyaların funksiyasından çox, onları adlandırmağa və bu adları qavramağa, hafizəsində saxlamağa başlayırlar. Valideynlərin uşaqlara suallar verməsi, hansısa mövzunu danışması və ya müzakirə etməsi yaxşı olar. Bütün bu proseslər uşaqların istər intellektual, istərsə də psixoloji tərəflərinə müsbət təsir edəcəkdir".

Psixoloq bildirib ki, uşağın inkişafında digər məsələrdən biri təhsil və dil seçimidir: "Valideynlər bildirir ki, “Dil seçimini necə etməliyəm ki,uşaqlar həm rahatlıqla həmin dili öyrənə bilsin,həm də, irəli təhsil həyatında dil seçimi baxımdan problem yaşamasın?” Qeyd etmək lazımdır ki, nitq inkişafı normal tempdə inkişaf edən uşaqların əgər evdə valideynləri başqa dildə danışımırsa, ünsiyyət qurmursa onların 4 yaşından tez əlavə bir dil öyrənəsi tövsiyə edilmir. Çünki bu yaş aralıqları uşaqda nitq inkişaf dönəmi hesab edilir və bu zaman uşaq iki hətta bəzi ailərlərdə ikidən çox dil də danışıldığı üçün uşaq bir neçə dil arasında qalır. Bu da nəticədə uşağın nitq inkişafında problermlərinin yaranmasına, nitq qüsuruna və nitq ləngiməsinə gətirib çıxara bilər. 5 yaşın tamamında, uşaqda nitq inkişafı əvvəlki yaş dövrlərində normal gedibsə artıq bu yaşda uşaqlarda nitq inkişafı tam formalaşmış şəkildə olur və onlar sərbəst formada öz fikirlərini ifadə edə bilirlər. Artıq, qeyd edilən yaş dövründən etibarən uşaq məktəbəqədər hazırlıq dönəmində istənilən dilə yönləndirilə bilər. Uşağın inkişafında əsas qaydalardan biri də, övladınıza dediyiniz sözləri, fikirləri doğru şəkildə ifadə etməkdir. Bu da çox vacibdir. Fikirləri onun anlayacağı tərzdə və pozitiv yöndən izah etmək əsasdır. Bu həm valideyn-övlad münasibətlərinə müsbət təsir edəcək, həm də, onlarda özgüvən hissini artıracaqdır".

Müəllif: Sevilin Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə