"Milli xüsusiyyət dövlətçilikdə çox əhəmiyyətlidir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Milli xüsusiyyət dövlətçilikdə çox əhəmiyyətlidir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Hər bir fərdin öz psixologiyası olduğu kimi, hər bir millətin də özünəməxsus psixologiyası var". Bu sözləri SİA-ya açıqlamasında şair, publisist, sosioloq, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, iqtisad elmləri doktoru (1978); "Ahəngyol" elmi-fəlsəfi konsepsiyasının yaradıcısı Əhməd Qəşəmoğlu deyib.

O bildirib ki, xalq kənardan həmin psixologiyasına görə tanınır, münasibətlər qurulur: "Biz yapon xalqı, hind xalqı, çinli, dedikdə tamamilə başqa millət düşünürük. Ermənilər dedikdə bizə dərhal aydın olur ki, hansı xüsusiyyətli millətdir, o xüsusiyyətə görə də münasibətin qurulması daha düzgün olar. Milli xüsusiyyət dövlətçilik üçün çox mühüm amillərdən biridir. Bu milli xüsusiyyət elə ola bilər ki, onun hesabına o xalq yer üzündə istər iqtisadi, siyasi, istər ərazilərinin genişliyi cəhətdən daha başqa mövqe tuta bilər. Yaxud da əksinə ola bilər. Məsələn, türklər iradələrinə, qəhrəman xüsusiyyətlərinə, mənəvi dəyərlərə mühüm əhəmiyyət verdikləri üçün uzun müddət yer üzündə çox öncül mövqedə oldular. Sonra isə türkçülüyə müxtəlif amillər qarışdı. Bizim milli xüsusiyyətlərimizi bir qədər dəyişdilər, aşındırdılar. Bu da yer üzündəki mövqelərimizə təsir etdi. Yaxud konkret olaraq İkinci Dünya müharibəsindən sonra Yaponiya darmadağın olmuşdu. Yapon milli xüsusiyyətlərinə görə millət özünü topladı, zəka, milli mədəniyyət potensialından istifadə edərək qısa zamanda dünyanın ən qabaqcıl dövlətlərindən biri oldu".

Ə.Qəşəmoğlu əlavə edib ki, mənfur qonşularımız milli xüsusiyyətlərinə görə tarix boyu hər zaman bir ölkədən digərinə qovulublar: "Heç kim onlara etibar etmir. Hətta onları müxtəlif qayğıları ilə əhatə edən ruslar da bir gün anladılar ki, bu xüsusiyyətli xalqla qabağa getmək olmaz. Onlara arxayın olmaq olmaz. Bu da onların dövlətçilik prinsiplərinə, dövlətlərinin inkişafına xeyli mane olur. Gözümüzün qabağında ermənilərin son 50 ildə başına gələnlərdən hər şeyi görmək olar. Milli xüsusiyyət dövlətçilikdə çox mühüm rol oynayır.

Millətlərin psixologiyasının öyrənilməsi dünya üçün hansı əhəmiyyətə malikdir? Burada dəqiqləşdirmək lazımdır ki, millətlərin psixologiyası hansı məqsədlə öyrənilir. Bir var dost münasibətlə, bir də var yer üzündə ahəngdar dünya qurmaq üçün ağılla öyrənilir ki, hər millətin öz psixologiyasından istifadə edərək onların arasında qarşılıqlı əlaqələri necə qurmaq olar. Bəzən millətin psixologiyası öyrənilir ki, ona düşmən münasibət göstərilsin, düşmənçilik etmək üçün arzu olunmayan modellər o millətə gətirilsin. Millətlərin psixologiyası dostcasına öyrənilirsə, bunu alqışlamaq lazımdır. Amma dağıdıcı xarakter üçün öyrənilirsə, bunu lənətləmək lazımdır. Bu mövzu çox geniş mövzudur. Kiçik bir müsahibədə bu barədə daha ətraflı danışmaq imkanları, təəssüf ki, azdır".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə