İnsanlar cinayət xəbərlərinə niyə maraq göstərirlər? - MÜNASİBƏT BİLDİRİLDİ

İnsanlar cinayət xəbərlərinə niyə maraq göstərirlər? - MÜNASİBƏT BİLDİRİLDİ

"Sosial şəbəkələrdə kütlənin diqqətini çəkən mövzular qəzalar, boşanmalar və cinayət xəbərləridir. Hətta bu xəbərləri ilk kimin yazması ilə bağlı sanki yarış keçirilir. Burada insanın ağrılı həyat hekayəsi, yaxınlarının çəkdiyi iztirablar heç kimin marağında deyil. Həmin şəxslərin efirdə, sosial mediada görkəmlərini, ağlaşmalarını, fəryadlarını çəkib paylaşmaq anormallıqdır. Bir insanın evində faciə baş veribsə, bunun səbəbini və motivini araşdırmaq lazımdır". Bu sözləri SİA-ya psixoloq Ülviyyə Murtuzova deyib.

Onun sözlərinə görə, Azərbaycanda adətən qətllə bağlı şəxslərin adları sadalanır, kimlərin qətlə yetirildiyi vurğulanır: “Həmin şəxs niyə bunu etdi” sualı ətrafında isə heç kim məsələyə münasibət bildirmir. Məsələn, sözügedən şəxsin bir yaxınının müsahibəsinə baxdım, psixoloji problemi olduğu deyilirdi. Hər kəs də onu qınayır. Həmin şəxs psixoloji problem yaşayırsa, bu, paranoyadır. Paranoid, şəxsiyyət pozğunluğu yaşayan şəxsi mühakimə etmək və danlamaq nə qədər məntiqlidir?”.

Psixoloq qeyd edib ki, məsələnin motivini və kökünü kənara qoyub, yalnız görüntünü göstərərək reytinq toplamaq insani meyarlara ziddir: “Xəbəri paylaşmaq qəbahət deyil, amma qətlin təfərrüatlarını, ən dəhşətli hissələrini başlığa çıxarmaq etik deyil. Bu, medianın işini zəif göstərir. Hansısa azyaşlı, yeniyetmə uşaq həmin xəbəri görsə, ciddi travma ala bilər. Bunu özləri üçün normal qəbul edən, həmin durumu yaşayan insanlar görür. Bu tip xəbərləri oxuyub, panikaya düşən insanlar var. Onları nəzərə almaq lazımdır”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə