"Onlayn ticarətin olması çox yaxşıdır, rəqabəti artırır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib.
O bildirib ki, onlayn ticarət satış kanallarından biridir: "Vətəndaşlar üçün əlavə üstünlük və imkanlar yaradır. Vətəndaş iş yerində oturaraq müqayisələr apara bilir, satış yerinə getmədən alış-veriş edə bilir, vaxtına qənaət edir, seçə bilir, müqayisə edir, bir qədər də ucuz ala bilir.
Onlayn ticarətlə alış-veriş edən şəxslər aylıq 300 dollara qədər vergi ödəmirlər. Ənənəvi ticarətlə məşğul olanlar sıfır məbləğindən vergi ödəyirlər. Bu da ənənəvi ticarətə onlayn ticarətlə rəqabət aparmaq üçün çətinlik yaradır. Bunu hökumət yaratmış olur. Bir tərəfdən güzəşt verir, bir tərəfdən də güzəşt vermir. Bu da haqsız rəqabət yaradır. Eyni zamanda, ciddi problemlər yaranır.
Bu, o demək deyil ki, vergi statusları eyni olsa, ənənəvi ticarət onlayndan daha ucuz olacaq. Çünki ənənəvi ticarətdə əlavə xərclər var. Ənənəvi ticarətdə mağazanın saxlanma xərcləri, işçilər kimi nüanslar var. Bu, onlayn ticarətin üstün tərəfidir. Həm də mağazanın olması ənənəvi ticarət üçün xərcdir, eyni zamanda da üstünlükdür. Alıcılar keyfiyyətə baxıb müqayisə edərək almaq istəyirlər. Hər ikisi sahibkarlıq növüdür, mövcud olmaları mütləq lazımdır. Ənənəvi ticarət onlayn ticarətin bir çox üstünlüklərini öz biznes modelinə tətbiq etməlidir ki, rəqabət gücü artsın. Belə də edirlər. Müxtəlif sosial şəbəkələrdə reklamlar edirlər. Amma ümumi biznes mühitini korlayan əsas məsələ məhz birində verginin olması, digərində isə 300 dollara qədər verginin olmamasıdır. Bu, onlayn ticarətə süni üstünlük yaradır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB