"Yeniyetmələrin psixi inkişafında ailənin rolu misilsizdir" - PSİXOLOQ DANIŞDI

"Yeniyetmələrin psixi inkişafında ailənin rolu misilsizdir" - PSİXOLOQ DANIŞDI

"Yeniyetməlik yaşı elə həssas yaş dönəmidir ki, məhz qızların qadınlıq etalonları, oğlanların kişiyə məxsus xarakter əlamətləri bu dönəmlərdə daha da inkişaf etməyə başlayır". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova deyib.

Psixoloq bildirib ki, onlarda mövcud olan bir çox iradi keyfiyyətlər - təmkinlilik, dözümlülük, mərdlik kimi keyfiyyətlər bu dövrdə daha çox sürətlə inkişaf edir: "Bu dövrdə oğlan və qızlarda fizioloji cəhətdən elə fərqli dəyişiklər baş verir ki, yeniyetmələr onlarda nə baş verdiyinin fərqinə vara bilmirlər. Ona görə yeniyetmələr əksər vaxtlarda gərgin, əsəbi olur, ətrafın sanki onları anlamadığını, qəbullanmadığını düşünürlər. Kişi və qadın rollarının öyrənilməsi dönəmində onlar müəyyən komplekslər yaşayırlar. Əgər tam və natamam ailədə böyüyən yeniyetmələr varsa, bəzən kompleks halında yaşayaraq qrup içində özlərini tam inkişaf etməmiş, tam güvənli hesab etmirlər. Bilirik ki, yeniyetmələr böyüklərin hərəkətlərini təqlid edirlər. Onlar həm də sosial varlıqlardır. Cəmiyyətdə də inkişaf edirlər. Onların hər birinin mənəvi inkişafı üçün valideyn tərbiyəsi, söhbətləri, yanaşmaları mütləq vacibdir.

Bütün ailələrdə yeniyetmələr öz valideynləri ilə ünsiyyət tapıb, ünsiyyət qurub öz söhbətlərini edə bilirlərmi? Yeniyetmələrin psixi inkişafının formalaşmasında ailənin rolu misilsizdir. Ailədaxili münasibətlərə uşaq qoşulduqca həyatın müəyyən mənəvi sərvətlərini mənimsəməyə, hadisələrə qiymət verməyə başlayır, qarşılıqlı münasibətlərə daxil olarkən ailədən aldığı tərbiyəyə əsasən psixoloji rəy verir. Bacı-qardaş, sinif yoldaşları, müəllim-şagird arasında müəyyən münasibətlər formalaşır. Tərbiyə baxımından yeniyetməyə tələb çox qoyulur. Həm onların o yaş dönəmi təlim fəaliyyəti olduğundan yeniyetmələrə müxtəlif tələblər, "dərsini oxu, dərsini oxu" tələbi daha çox qoyulur. Valideynlərdən gələn bu tələblərə diqqət yetirməli, onlara paralel olaraq müstəqillik də verilməlidir, amma bəzən tarazlıq burada pozulur".

"Texnikanın inkişafı, telefonun, kompüterin həyatımıza birmənalı yansıması dönəmində yeniyetmələr bəzən bu balansı tam qoruya bilmirlər. Valideynlərin də hər biri uşaqlarına lazımi diqqət yetirə bilmirlər, çünki işləyirlər. Sadaladığımız meyarların çoxunu valideynlər uşaqlarına ötürə bilmir, onların cinsi tərbiyələri ilə məşğul olmaq mütəmadi söhbət edib maraq və meyillərini öyrənmək, uşaqlarla oturub sosial-siyasi mövzularda söhbət etmək, dünyada baş verənləri analiz etmək, qarşılıqlı münasibətləri təhlil etmək kimi fikirləri yeniyetmələr aydınlıq gətirməyəndə onların inkişafında müəyyən boşluqlar yaranır. Ona görə onlar özlərini ifadə edə bilmirlər. Qeyd etdiyimiz kimi, cəmiyyətdə qarşılıqlı münasibətlərdə müəyyən yanlışlıqlar edirlər. Yeniyetmə sanki mühitin içində özü böyüyür, səhvini, doğrusunu analiz etməyə bilir. Düzgün kişi və qadın tərbiyəsi almaya bilirlər. Tədqiqatlar da göstərir ki, bu tərbiyə metodunda psixoloji, pedaqoji baxımından bütün valideynlərdə eyni dərəcədə imkan olmur. Hər bir valideynin uşaq və yeniyetmənin şəxsiyyətinin formalaşmasına təsiri misilsiz, birmənalı əhəmiyyətli olur", - deyə o əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə