Psixoloqa gedən insanlara niyə "dəli" damğası vurulur? - AYDINLIQ GƏTİRİLDİ
"Psixologiyanın elm olaraq bilinməsi son yüzilliyə təsadüf edir. Ona görə də bir çox insana görə psixologiyanı elm olaraq qəbul etmək çətindir. Çünki onun nədən ibarət olduğunu, nəyi öyrəndiyini az adam bilir. Psixologiya sözündə sırf "psix" başlığı olduğu üçün bunun bir xəstəlik və ya ciddi bir şeylə əlaqəli olduğunu düşünürlər". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib.
Onun sözlərinə görə, ətrafımız bu barədə az məlumatlı insanlardan ibarət olduğu üçün düşünürük ki, onlar bizim nə üçün psixoloq yanına getdiyimizi anlamaz: "Eyni zamanda, cəmiyyətdə bundan insanları utandırmaq üçün istifadə edirlər. Məsələn, cütlüklər arasında onların sözləri çəp düşəndə biri digərinin üzünə problemli olduğu üçün psixoloq yanına getdiyini vura bilir. Belə hallar çoxaldıqca insanlar da psixoloqa getdiyini gizlətməyə çalışırlar ki, onun "dəli" olduğunu düşünməsinlər".
"Son dönəmlərdə müşahidə edirik ki, günü-gündən insanların psixoloqlara etibarı azalır. Bir qisim insanlar psixoloqun işini möcüzəvi kimi başa düşürlər. Başqa birinin onların yerinə nəyisə həll edə biləcəyinə inana bilmirlər. Digər bir qisim insanlar, xüsusilə kişi pasiyentlər isə bu peşəyə çox qeyri-ciddi yanaşırlar.
Tövsiyə edərdim ki, insanlar digər sahələr kimi fikir bildirmədən öncə psixologiya barədə də araşdırma aparsınlar. Ən azından sadəcə internetə girib məlumat almaq olar ki, bu elm nəyi öyrənir, psixoloq kimdir və s. "Başqaları nə deyər" deyə düşünməyə ayrılan vaxt problemi olan insanların vəziyyətini daha da pisləşdirə bilər. Çünki lağ edən insanlar psixoloqa ehtiyacı olanların vəziyyəti pisləşdikdə ona yardım etməyəcəklər. Ona görə də hər şeydən öncə öz sağlamlığımızı düşünməliyik",- deyə o əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB