"Şiddətə məruz qalan yeniyetmələr risk qrupundadır" - PSİXOLOQ XƏBƏRDARLIQ ETDİ

"Şiddətə məruz qalan yeniyetmələr risk qrupundadır" - PSİXOLOQ XƏBƏRDARLIQ ETDİ

Yeniyetmələr arasında törədilən cinayətlərin sayında artım müşahidə olunur. Onlarda cinayətə meyillilik haradan qaynaqlanır? SİA mövzu ilə bağlı psixoloq Aysu Əliyevanın fikrini öyrənib.

Onun sözlərinə görə, keçid dövrü sayılan yeniyetməlikdə həm fiziki, həm psixoloji həmçinin hormonal dəyişikliklər baş verdiyi üçün çalxalanmalarla özünü göstərir: “Belə ki, bu dövrdə suisidal hallar, intihar, cinayət , narkotik, alkoqol və siqaretə meyillik halları çox görülür. Yeniyetmə bu davranışlarla bəzən özünü təsdiq etməyə çalışır.Bu tipli qanunazidd əməllərin artmasına səbəblər müxtəlif ola bilər. Ailədaxili psixoloji və fiziki təzyiq, yaşıdları tərəfindən bullinqə məruz qalmaq, ailə nəzarətinin zəif olması, oynadığı aqressiv virtual oyunlar, baxdığı film və seriallar səbəb ola biləcək faktorlar sırasındadır”.

Psixoloq bildirib ki, yeniyetməlik dövründə ailəyə etirazlar və üsyankar davranışlar, qruplara meyil etmək, dostun fikri daha üstün olur: “Ailəsi tərəfindən təhqir olunan, alçaldılan, şiddətə məruz qalan, qayğıdan məhrum olan uşaq və yeniyetmələr risk qrupundadır. Belə ki onlar psixoloji travmanın təsiri ilə şəxsiyyətini təsdiq etmək, intiqam almaq , ailəsinə olan aqressiyasını kənara yönəldirlər.Bəzən isə izlədiyi serialdakı nalayiq ifadə və əməlləri də təqlid edə bilərlər”.

A.ƏLiyeva sonda qeyd edib ki, digər bir səbəb isə "gündəmdə olmaq"-dır: “Ən çox oxunulan və bütün əhalinin diqqətini çəkən kriminal xəbərlərdir. Əhali arasında və sosial mediada cinayət törədən şəxsin məlumatları yayılır. Cinayətkarı tənqid edənlərlə yanaşı, ona dəstək çıxanlar və dəstək xarakterli rəy yazanlar da olur. Yeniyetmə düşünür ki, məndə cinayət törətsəm diqqət mərkəzində olacam və məni dəstəkləyəcəklər. Yeniyetmə və yaxud yetişkin şəxs həyatda özünü sübut edə bilmədikdə, şəxsiyyətini təsdiq edə bilmədikdə həll yolunu cinayət törətməkdə bilir”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə