"Bu yeniyetmələrin küçə qruplarına üz tutma ehtimalları da daha yüksəkdir" - PSİXOLOQ XƏBƏRDARLIQ ETDİ

"Bu yeniyetmələrin küçə qruplarına üz tutma ehtimalları da daha yüksəkdir" - PSİXOLOQ XƏBƏRDARLIQ ETDİ

Azərbaycanda cinayət törədən yeniyetmələrin sayı 14,1 faiz artıb. Yeniyetmələrdə cinayətə meyillilik haradan qaynaqlanır? SİA mövzu ilə bağlı EDA Terapiya Psixologiya Mərkəzinin psixoloqu Ayşən Bayramovanın fikrini öyrənib.

Psixoloq bildirib ki, yeniyetmənin öz kimliyini formalaşdırmasında, özünü dəyərli və yetərli hiss etməsində valideynin rolu olduqca önəmli yerə sahibdir: “Yeniyetməlik dövrü, özü ilə bir çox fiziki, emosional və koqnitiv dəyişiklikləri gətirən, uşaqlıqdan yetkinliyə keçid dövrüdür. Bir çox yeniyetmə və onların ailələrində narahatlıq yaradan bu keçid dövrünün ən əhəmiyyətli xüsusiyyəti, gözlə görülən fərqliliklərin ortaya çıxmasıdır”.

Onun sözlərinə görə, valideynlərin vəzifəsi övladlarının qidalanma, sığınacaq yeri kimi təkcə fiziki ehtiyaclarını qarşılamaq deyildir. Valideynin yeniyetməyə qarşı istilik, şəfqət, dəstək və sevgi göstərməməsi yeniyetmələrin psixososial inkişaflarına neqativ təsir göstərməkdə, davranış problemləri göstərmələrinə səbəb ola bilməkdədir: “Valideynləri ilə emosional bağlılığı zəif olan yeniyetmələr, problemli davranışlarının nəticəsi ilə bağlı valideynləri qarşısında məsuliyyəti zəif hiss etməkdə və ya hiss etməməkdədirlər. Çoxsaylı tədqiqatlar, valideynlərindən rəddedici yanaşma və aşağı emosional dəstək alan yeniyetmələrin, valideynlərini qəbuledici və dəstəkləyən şəkildə qavrayan yeniyetmələrlə müqayisədə daha çox deviant davranış göstərmə ehtimallarının olduğunu göstərmişdir. Eyni zamanda bu yeniyetmələrin küçə qruplarına üz tutma ehtimalları da daha yüksəkdir”.

A.Bayramova bildirib ki, bundan başqa valideynlərin yeniyetmənin üzərində nəzarətinin olması da bu istiqamətdə önəmli məqamlardan biridir: “Bura, yeniyetmənin harada, kiminlə olduğu, nə etdiyi ilə bağlı müşahidələr və ünsiyyət daxildir. Yenə də bir çox çalışmalarda valideynin zəif nəzarəti ilə yeniyetmənin problemli davranış və ya cinayət işləməsi arasında əlaqənin olduğu göstərilmişdir.Nəticə olaraq, valideynlə sağlam ünsiyyət, problem həll etmə bacarıqlarının inkişaf etdirilməsi, duyğuları tənzim etmədə rol model olmaq yeniyetmələrin qarşılaşdıqları problemlərin öhtəsindən sağlam üsullarla gəlməyə yardım edəcək və problem davranışların meydana çıxma ehtimalı azaldacaqdır. Təbii ki, burada məktəblərində rolu böyükdür. Məktəblərdə empatiya və hörməti təşviq edən fəaliyyətlər həyata keçirilməlidir. Zorakı davranışlarla bağlı müəllimlərə, valideynlərə və şagirdlərə davamlı seminarlar təşkil edilməli, bu cür davranışların zərərləri və qəbul edilməz olduğu vurğulanmalıdır”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə