“Osteoxondroz fəqərəarası oynaqlarda və bağ aparatında dəyişikliklər nəticəsində yaranan, onurğanın ağır xroniki degenerativ zədələnməsidir. Müxtəlif səbəblərdən travma, mikrotravma, eyni tipli təkrarlanan hərəkətlər, autoimmun proses, revmotoid zədələnmə nəticəsində, düzgün olmayan qidalanma, su-duz balansının pozulması, həyat tərzi və peşədən asılı olaraq tədricən əmələ gəlir”. Bu sözləri SİA-ya açıqlamasında həkim fizioterapevt Şəhla Qafarova deyib.
Onun sözlərinə görə, osteoxondroz-fəqərələr arasında pulpoz nüvənin həcminin itirilməsi, kimyəvi tərkibinin dəyişməsi, fəqərələrarası hündürlüyün azalması, qığırdaq zədələnməsi ilə gedən və nəticədə osteofitlərin yaranması ilə onurğadan çıxan sinirlərin yerləşmə səthinin məhdudlaşması, sıxılması və ağrı əmələ gəlməsi ilə inkişaf edən bir prosesdir: “Xəstələr osteoxondrozun ilk əlamətlərini həmin nahiyyənin tərləməsi, daha sora soyuması ilə hiss edirlər. Bu zaman rentgen müayinələrdə heç bir dəyişiklik aşkarlanmır. Daha sonra ağrı mərhələsi başlayır. Bu halda dəyişiliklər rentgen müayinədə görünür.
Müalicəsi xəstəliyin fazasından asılıdır. Birinci fazada sinirin qıcıqlanması, 2-ci fazada ağrı sindromu, 3-cü fazada isə sinir kökcük iflici izlənilir. Xəstəliyin ilkin əlamətlərini hiss etdikdə fizioterapevtik müalicə ilə xəstəliyin inkişafını ləngitmək və qarşısını almaq mümkün olur. Fizioterapiyada həyat tərzini dəyişmək, qidalanma keyfiyyətini və ardıcıllığını nizamlamaq, iltihaba qarşı, trofikastimüləedici, fibromuduləedici proseduralar həkim fizioterapevt tərəfindən təyin edilir. Lazımı medikomentoz maddələrin müştərək birliyi ilə elektroterapiya və ultrasəsdalğa terapiyası yüksək səviyyədə effekt verir. Xəstələrin həyat fəaliyyəti yüksəlir. Müasir dövrdə hər bir kəs mütləq kic ildə 2 dəfə fizioterapevt qəbulunda olmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə