"Psixi xəstəyə sürücülük vəsiqəsi vermək olmaz" - EKSPERTDƏN SƏRT AÇIQLAMA

"Psixi xəstəyə sürücülük vəsiqəsi vermək olmaz" - EKSPERTDƏN SƏRT AÇIQLAMA

Bakıda ailə üzvlərini qətlə yetirən şəxsin psixi sağlamlığının yerində olmadığı və bununla belə taksi fəaliyyəti ilə məşğul olduğu bildirilib. Sosial şəbəkələrdə isə bir mövzu müzakirələrə səbəb olub. Psixoloji sağlamlığı yerində olmayan biri necə olur ki, taksi fəaliyyəti ilə məşğul olmaq üçün lazımi yoxlamalardan keçə, sürücülük vəsiqəsi əldə edə bilir? SİA mövzu ilə bağlı nəqliyat eksperti Fərhad Eyyubovun fikrini öyrənib.

Ekspertin sözlərinə görə, Azərbaycanda sağlamlıq haqqında arayış təqdim ediləndə orada həm sağlamlıq haqqında həm də həmin adamın psixofizioloji vəziyyəti haqqında müəyyən müayinələr olmalıdır: “İndi o müayinələr ciddi aparılmır. Arayış verilən şəxsin həm narkotik istifadəçisi olub-olmaması, həm də psixi sağlamlığının yerində olub-olmaması barədə sənəd tələb edirlər. Bəlkə də həmin şəxs o kağızı qeyri-qanuni şəkildə əldə edib, yaxud da pul müqabilində alıb. Eşitdiyimə görə, ailəsi imkanlı ailədir, ola bilsin müəyyən yolla bunu əldə edib. Əfsuslar olsun ki, həmin müayinələr zamanı psixoloji testlər aparılmır. O məsələ çox çətin məsələdir. Tutaq ki, pilotlar və digər nəqliyyat sürücüləri illərlə müayinələrdən keçirlər. Avtomobil sürücüləri isə kütləvi olduğu üçün elə böyük müayinədən keçmirlər. Yalnız 2 arayışla lazım olan sənədi əldə edirlər. Bu məsələlər yoxlansa bəlkə də çoxlu belə insanlar var ki, psixoloji durumlar zəifdir amma sürücü fəaliyyəti ilə məşğuldur”.

F.Eyyubov bildirib ki, də bəzən psixi durumu normal olmayan insanlar qəza törədirlər: “Təəssüflər olsun ki, bunları dəqiq müəyyən etmək olmur. Bir çox hallarda qəza səbəbi kimi texniki şərtlər, müəyyən yol hərəkəti qaydalarına əməl olunmaması göstərilir. Qəzaya yol açan birbaşa və dolayı səbəblər var. Dolayı səbəbləri çox zaman müəyyən etmirlər, bunu etmək çox çətindir”.

Müsahibimiz sonda qeyd etdi ki, bu kimi hallar qeyri-qanunidir: “Çünki psixi xəstə olan insanları heç vaxt sürücülük vəsiqəsi ilə təmin etmək olmaz. Bu məsələ yəqin ki, araşdırılacaq. Eşitdiyimə görə həmin şəxs psixi dispanserdə də qeydiyyatda olub. Əgər şəxs sürücülük vəsiqəsini qanuni qaydada alıbsa, deməli orada müəyyən qeyri-qanuni məsələlər olub ki, vəsiqəni əldə edib”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə