"Onlar dinlərini seçməyib, ailədən alıblar" - FİKİR BİLDİRİLDİ

"Onlar dinlərini seçməyib, ailədən alıblar" - FİKİR BİLDİRİLDİ

“Dindar adam gündəlik həyatında dini rituallara əməl edən, həyatını dini hökmlər üzrə quran şəxsdir. Azərbaycanlıların əksəriyyəti isə dindar olmayan, ənənəvi müsəlmanlardır. Onlar sadəcə bu ölkədə doğulduqları üçün özlərini müsəlman adlandırırlar. Onlar dinlərini seçməyiblər, ailədən alıblar". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Sənubər Heydərova deyib.

Onun sözlərinə görə, orta statistik azərbaycanlı üçün din pasportda yazılan digər göstəricilərdən fərqlənmir və o, dini seçməyin məsuliyyətindən xəbərsizdir: "Hətta bir az da irəli gedib rahatlıqla demək olar ki, orta statistik azərbaycanlı “əsl din”dən qorxur. İnsanlar adətən onlara məlum olmayan nəsnələrdən qorxurlar. Qorxu hissi bəzən “hörmət” kimi təcəssüm edir. O, başı sakit olsun deyə, “əlavə günah yığmasın” deyə məclisdə mollayla razılaşır, avtobusda hicablı xanıma daha tez yer verir, Məhərrəmlikdə toy etmir. Bunu adətən dindarlıqdan, yaxud dini hökmün buyruğundan yox, bilgisizlikdən və qorxudan edir".

"Eyni münasibət “əsl dindar” şəxslərə qarşı da özünü göstərir. Əhalisinin əksər hissəsinin özünü müsəlman hesab etdiyi ölkədə hicablı qadın əlavə təşviş mənbəyidir. O, əksəriyyət kimi deyil, ona xüsusi yanaşma lazımdır, onunla hamı kimi davranmaq olmaz, bizim isə nə vaxtımız, nə də istəyimiz yoxdur ki, iş prosesində bu xüsusiliyin qeydinə qalaq",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə