“Ailələrə sosial dəstək layihələri davamlı olmalıdır” SOSİOLOQ MÜNASİBƏT BİLDİRDİ
“Ailədaxili münaqişələrin bir çox səbəbləri ola bilər. Ailə daxilində status, rol gözləmələri sahəsində problemlər olur. Azərbaycanda ailədaxili münaqişə keyslərinin kontent təhlili belə deməyə əsas verir ki, münaqişələr, əsasən, psixoloji iqlimin pozulması fonunda baş verir və eskalasiya edir”. SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev bildirib.
Onun sözlərinə görə, ailədaxili münaqişələrin bir qismi qısqanclıq səbəbindən, bir qismi maddi ehtiyac üzündən, eyni zamanda, kənar müdaxilələr nəticəsində baş verə bilir: “Konkret olaraq Əhməd Əhmədov keysinə gəlincə, demək olar ki, bu hadisə bir qədər mübahisələndirilə bilən hadisədir. Çünki hadisə törədənin sağlamlıq durumu ilə bağlı qonşuların, tanışların da dediyi kimi ciddi problem olub. Təəssüflər olsun ki, qətli törədənin məlum hadisəyə qədərki davranışları, hüquqazidd əməlləri, onun ictimai təhlükəli durumu düzgün qiymətləndirilməyib. Qətli törədənin psixobioqrafiyası, cinayət dosyesi çoxlu suallar doğurur. Bu baxımdan, hadisəyə hüquqi qiymət verildikdən sonra daha korrekt mənzərə aydın olacaq”.
Ü.Şəfiyev bildirib ki, bütövlükdə, ailədaxili münaqişələrə təsir edən faktorlar çoxdur: “İlk növbədə, ailədə psixoloji iqlim sağlam olmalıdır. Əks halda orada böyüyən uşaqlar travmalı böyüyür, cəmiyyətə kin püskürür, deviant və delikvent davranışa meyilli olur. İkinci mühüm məqam uşaqların ekomühiti, yəni ətrafı, sosiallaşma mühiti sağlam olmalıdır. Sosiallaşma mühiti kimi KİV-lər, sosial şəbəkə vahidləri, dostlar mühiti də sağlam olmalıdır. Təəssüflər olsun ki, bu gün KİV-lərdə, sosial şəbəkələrdə cinayət aləminin "qəhrəmanları" sanki ideallaşdırılır, uşaqlara kumir kimi təqdim olunur. Eyni zamanda, sosial şəbəkələrdə, internet resurslarında aqressiyanı, intiharı körükləyən keyslər sərgilənir. Bu, həm qanuna, həm əxlaqazidd davranışdı. Uşaq və yeniyetmələrin mənəvi-əxlaqi baxımdan sağlam formalaşması üçün ədəbiyyat da sözünü deməli, ədəbiyyat katarsis missiyasını yerinə yetirməlidir. Çox əfsus ki, sarı informasiya, sarı mesaj ötürən "ədəbiyyat nümunələri" gündəmi zəbt edir, uşaq və yeniyetmələrə qeyri-sağlam yön verir. Ailədaxili böhranları, münaqişələri tənzimləmək üçün ailə böhran mərkəzləri artmalı, funksional olmalı, bütün regionları əhatə etməlidir. Onlar sosial agentlər vasitəsilə belə münaqişəli ailələri qeydə almalı, onlarla çoxprofilli komanda ilə, o cümlədən, sosial psixoloji iş aparılmalıdır. Ailələrə sosial dəstək layihələri davamlı olmalı, ailələr sağlam əsaslar üzərində qurulmalı, ailə quran zaman qan testi ilə yanaşı, psixoloji test də tətbiq edilməlidir. Orta və ali məktəblərdə ailə dərsləri tədris olunmalıdır. Bu dərsləri feminizmin təsirində olmayan müəllimlər tədris etməlidir. TV-lərdə kvazisenarlərlə münaqişəli ailələr efirə çıxarılmamalı, örnək ailələrlə bağlı portret verlişlər təqdim olunmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB