Bəzi sosial səbəkə istifadəçilərinin məşhurları "öldürmək" həvəsi haradan gəlir? Həmin şəxslər nə üçün bu addımı atırlar? SİA mövzu ilə bağlı psixoloq Vəfa Rəşidova və Sosioloq Əhməd Qəşəmoğlunun fikirlərini alıb.
Vəfa Rəşidova bildirib ki, yaşadığımız dönəmdə insanların diqqətlə bağlı ciddi problemləri var: “Sosial şəbəkələrdəki paylaşımların kökündə də diqqət çəkmək dayanır. Mənim saytım yazım çox oxunsun, qabağa gedim. Heç kim əziyyət çəkmək istəmir. Eyni zamanda burada kütlə də nəzərə alınır. Kütlə daha çox ölüm, cinayət xəbərlərinə daha maraqlıdır. Düşünürəm ki, bunun psixoloji səbəbi diqqət çəkməkdir. Paylaşıma nə qədər rəy, şərh gəlirsə şəxs özünü o qədər uğur qazanmış hesab edir. Orada fərqi yoxdur yazılan rəylər neqativ yoxsa pozitiv. Yetər ki, kimsə orada nəsə yazsın. Bu tip paylaşımların kökündə yenə də psixoloji problem dayanır. Hansı ki, burada diqqət əksikliyindən söhbət gedir. Şəxs hər şeyi edir ki, diqqəti öz üzərinə çəksin. Təəssüf olsun ki, bu çox bəsit bir yanaşmadır. İnanın ki, kütlə psixozdan əziyyət çəkir. Şəxsən mən özüm sosial şəbəkədə açıb xoş bir şey oxumaq istəyirəm, amma təəssüf olsun ki, ancaq neqativ xəbərlərlə qarşılaşıram. Mən özümü qorumaqdan ötrü çox vaxt sosial şəbəkəyə girmək istəmirəm. Yeganə ölkədir ki, ölümdən bu qədər söhbət edilir. Sovet vaxtında ölüm çox danışılan mövzu deyildi. İndi guya modern düşünən cəmiyyət olaraq bütün mövzuları danışırıq. Bu yanaşma aqressiv yanaşmadır. Bu paylaşımı edən hər kəs anormaldır deyə bilmərik. Burada söhbət kütləni özünə cəlb etməkdən gedir. Bu normal deyil, amma anormal da deyil. Bu bir yanaşmadır, amma yanlış, kütləni zəhərləyən yanaşmadır. Bu gün cəmiyyətdə və insanlarda aqressiya çoxdur”.
Əhməd Qəşəmoğlunun sözlərinə görə, hər bir insanın davranışı 4 amilin təsiri altında formalaşır: “Birincisi insanın öz xisləti, psixologiyasıdır. Bizim xalqın xislətində xeyirxahlıq var. Deməli bunun səbəblərini geridə qalan 3 amildə axtarmalıyıq. İkinci amil mühitdir. İndiki zamanda insanlarda gərginlik var. İnsanlar özünü incidilmiş sayır, çətinlik içərisində olanda da günahı başqalarında axtarır. Üçüncü amil insanların aldığı informasiyalardır. Biz görürük ki, iradəsi zəif olan insanlar belə xəbər yayılanda belə xəbərlərə maraq göstərir, sosial şəbəkələrdə bəyənir, diqqət mərkəzində saxlayırlar. Əsas olan isə üstünlük verdiyi dəyərlərdir. İnsanın xisləti, mühit, informasiya və üstünlük verilən dəyərlər əsas amilləri formalaşdırır. İnsanlar mənəvi dəyərlərə üstünlük verməli, mənəviyyat aləmi ilə daha çox təmasda olmalıdır. Bədii ədəbiyyat oxumalı yaxud tədbirlərdə iştirak etsinlər. Təəüssüf ki, bizim cəmiyyətdə elə proses gedir ki, mənəvi dəyərlər arxa plana keçir. İnsanların özlərini nümayiş etdirməsi, hoqqabazlıq etməsi daha çox populyarlaşır. Bu məsələnin sadəcə bir tərəfidir. Buraya bir-birinə yalan demək, paxıllıq etmək, mərdimazarlıq etmək də daxildir. Bizim gəncliyimizdə belə şeylər çox az idi. İndiki nəsili müşahidə edən yaşlı nəsil olaraq özümüz də pis oluruq. Biz belə yox, daha işıqlı, daha gözəl insanlarımız olsun. Cəmiyyətdəki proseslər başlı-başına buraxılıb. Bu məsələlərlə məşğul olmaq lazımdır. Dünyanın böyük sosioloqları da deyir ki, cəmiyyət günü-gündən mürəkkəbləşir, həssaslaşır. Ona görə də çalışmaq lazımdır ki, bu proseslər müəyyən qədər nəzarət altında olsun. İnsanlara mənəvi dəyərləri aşılamaq lazımdır. Yaşlı nəsildən soruşsanız xeyli tənqidi tərəfləri olan sovet cəmiyyətində insanların daha xeyirxah olmağa çalışdığını deyəcəklər. O istiqamətdə çox ciddi işlər gedirdi. İndi bu məsələlər başlı-başına buraxılıb. Humanitar siyasətlə məşğul olan insanlarımız b məsələ ilə daha diqqət ayırmalıdır. Heyif ki, bu sahədəki işlərimiz o qədər də ürəkaçan deyil”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB