İnsanlar necə aldadılır? - AYDINLIQ GƏTİRİLDİ

İnsanlar necə aldadılır? - AYDINLIQ GƏTİRİLDİ

"Dövlət orqanları mütəmadi olaraq, müxtəlif növ dələduzluq cinayətlərindən qorunma üsullarını internetdə nümayiş etdirərək vətəndaşları maarifləndirməyə çalışırlar. Amma asan yollarla pul qazanmaq istəyən vətəndaşlar belə vədlərə aldanırlar. Nəticədə ölkədən kənarda fəaliyyət göstərən dələduzlar tərəfindən aldadılırlar, onlara məxsus xeyli, hərdən isə külli miqdarda pul vəsaitləri ələ keçirilir". Bu sözləri SİA-ya hüquqşünas Cavid Babayev deyib.

Onun sözlərinə görə, dələduzlar, əsasən, xarici ölkələrdən Azərbaycanın internet məkanına daxil olaraq, guya kriptovalyuta və ya digər investisiya məkanları olduqlarına insanları inandırırlar: "Sonda isə onları aldadaraq, müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirib, öz qurbanlarını müflis vəziyyətə salırlar. Belə cinayətlərin cəza sanksiyası mövcud Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə şəxs - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər, yaxud iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır".

C.Babayev qeyd edib ki, cinayət əməlinin digər ağırlaşdırıcı halları müəyyən olunduğu təqdirdə, qanunun cəza siyasəti daha da sərtləşir və yuxarıda qeyd olunan cəzalar vurulmuş ziyana mütənasib şəkildə artırılır: "Xüsusi olaraq vurğulamaq lazımdır ki, cinayət əməlini törədən təqsirkar şəxslərin ölkə hüdudlarından kənarda olmaları cəza siyasətinin tətbiqində müxtəlif çətinliklər yaradır”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə