“Ad insana verilən ilk hədiyyədir. Ona görə də valideynlər ad qoyan zaman fikirləşməlidir ki, bu hədiyyəni insan bir ömür özü ilə daşıyır. Hesab edirəm ki, adın həm də psixoloji anlamı var. Ad insanın sosiallaşmasına, şəxsiyyət kimi formalaşmasına, gələcəyinə, xarakterinin formalaşmasına mühüm təsir edən amillərdən biridir. Ona görə də ad qoyan insanlar bunun fərqində olmalıdır. Çünki ad insanı motivasiya edir, hədəf seçməkdə onlara kömək edir. Bəzən insan bir ömür öz adını doğrutlmağa çalışır. Amma yanlış ad qoyanda da onun əziyyətini çəkir. Dostlarının, replikalaırna məruz qalır və adına görə utanır. Bəzən də adın buraxdığı travma məcbur edir ki, imtina edib adını dəyişsin”. Bu barədə SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.
Onun sözlərinə görə, ad qoymaq məsələsində tarixə baxsaq görərik ki, uşaq qəhrəmanlıq edəndən sonra ona ad qoyularmış: “Dədə Qorqud eposunda da görürük ki, uşaq qəhrəmanlıq göstərəndən sonra ad qazanarmış. İslam dininin qəbul edilməsindən sonra Azərbaycanda da adların qoyulmasında din faktoru önə keçdi. Biz baxırıq ki, Azərbaycanlıların adlarının əksəriyyəti ərəb, fars adlarıdır. Hesab edirəm ki, bu tendensiyanın qarşısını almaq və milli adlar qoymaq lazımdır. Tariximizdə kifayət qədər qəhrəmanlıq göstərən tarixi şəxsiyyətlərimiz var, incəsənət xadimlərimiz var. Onların adını yaşatmaq lazımdır”.
Sosioloq bildirib ki, valideynlər bəzən adların mənasını bilmədən uşaqlarına qoyurlar: “Oğlana qız, qıza oğlan adı qoyurlar. Ona görə də ad qoyan zaman bu məsələləri nəzərə almaq lazımdır. Bildiyim qədərilə müvafiq komissiya da bu məsələlərə nəzarət edir. Amma çox yaxşı olar ki, bu nəzarət bir qədər də sərtləşdirilsin. Ad verərkən təhsili olmayan valideynlər təhsilli qohumları ilə məsləhətləşə bilərlər”.
Ü.Şəfiyev sonda qeyd edib ki, bəzən valideynlər bir seriala baxır, oradakı adı uşağına qoyur: “Uşaq da sonradan bu obraza uyğun sosiallaşma prosesi yaşamış olur. Ona görə də filmlərdə, seriallarda olan adları qoymaq da düzgün deyil, bu məsələdə həssas olmaq lazımdır. Uşaqlara şəxsiyyət kimi formalaşmasına köməklik göstərən, sosiallaşmasına fayda verən adlar qoymaq lazımdır, nəinki hansısa valideynin ötərgi hisslərinin qəhrəmanı olan obrazın adını. Ad milli xarakter daşımalı, mahiyyəti olmalı və Azərbaycan xalqının milli tarixinə uyöun olmalı, uşağın şəxsiyyətinin formalaşmasına təkan verə biləcək adlar qoymaq lazımdır. Bacardıqca təkrar qoyulan dini adlardan da uzaqlaşmaq lazımdır. İslam tarixinə adi olan adlar çox qoyurlur, bunlardan zamanla qurtulmaq lazımdır. Eyni zamanda çox yaxşı olar ki, birmənalı şəkildə milli soyadlarımızı qoyaq və istifadə edək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB