"Fiziki məhdudiyyət cəmiyyətin tamhüquqlu üzvü olmaq üçün əngəl deyil" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
"Əlilliyi olan şəxslərə Azərbaycanda həm dövlət, həm də cəmiyyət səviyyəsində həmişə diqqət və qayğı var". Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Quliyev deyib.

Deputat bildirib ki, bu qayğı həm bizim qanunvericilikdə öz əksini tapıb, həm də xalqımızın adət-ənənəsindən, humanistliyindən irəli gəlir: "İlk növbədə bu insanlara göstərilən qayğı maddi-sosial təminatların həyata keçirilməsi, onların cəmiyyətə inteqrasiyası, inklüzivliyin təmin olunması, o insanların özlərini cəmiyyət üçün faydalı insan hesab etməsi üçün işlə təmin olunmaları, qazanc əldə etmək imkanlarının reallaşdırılması, eyni zamanda intellektual istedadlarını və potensiallarını aşkara çıxarmaq üçün şərait yaradılması qanunvericilikdə və gündəlik, real həyatda icra olunan məsələlərdir. Fiziki məhdudiyyəti olan insanların cəmiyyətə inteqrasiyasının təmin olunması, fiziki məhdudiyyətlərinin həyatlarını, fəaliyyətlərini məhdudlaşdıran amillərə dəstək verilməsi, müxtəlif reabilitasiya vasitələri ilə təmin olunması, əlil arabaları, əl ağacları və sair reabilitasiya vasitələri dövlət tərəfindən pulsuz həyata keçirilir. Onların şəhərdə hərəkət etmələri, müxtəlif pilləkən və digər maneələrin aradan qaldırılması, yeraltı keçidlərdən, metrodan istifadə etmələri üçün panduslardan istifadə olunur. Şəhərin müxtəlif yerlərində bu panduslara rast gəlirik. Xüsusilə, xəstəxanalar, təhsil müəssisələri, iş yerləri, teatrlar və sair yerlərdə onların çıxışları asanlaşdırılır".
"Eyni zamanda bu şəxslərin istedadlarını və daxili potensiallarını üzə çıxarmaq üçün müxtəlif dərnəklər təşkil olunur. Bu dərnəkləri ən yüksək səviyyədə həyata keçirən Leyla Əliyevanın təşəbbüsü ilə açılan "DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi" artıq 3 ilə yaxındır ki, çox gözəl təcrübə əldə edib. Bu mərkəzin İsmayıl filialı da yaranmışdır. Naxçıvan və Gəncədə "DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi"nin açılması üçün proseslər gedir. Bu mərkəzlərdə əlilliyi olan şəxslər istedadlarını ortaya qoyurlar, müxtəlif daxili potensiallarını aşkarlamaq üçün hər cür şərait yaradılır. Musiqi, rəsm, rəngkarlıq, heykəltəraşlıq, müxtəlif oyma, toxuma sənətinə və sair sənətlərə yiyələnmək üçün də hər cür şərait yaradılıb. Bu insanlar nəinki öz potensiallarını reallaşdırır, həm də ortaya çıxan sənət əsərlərinin satışından da vəsait əldə etmək imkanları qazanırlar. Eyni zamanda onların konsertləri, teatr tamaşaları təşkil olunur. Bu da həmin insanların həm cəmiyyətə inteqrasiyasını rahatlaşdırır, həm də onların özlərini faydalı hiss etmələri üçün şərait yaradır. Bununla yanaşı onlara psixoloji yardım göstərilməsi, vaxtında sanatoriya müalicəsinə getmələri üçün dövlətimiz tərəfindən şərait yaradılır. Bütün bunlar dövlət vəsaiti hesabına həyata keçirilir. Bu şəxslərə müavinət, pensiyalar, əgər xüsusi kateqoriyadandırsa, Prezident təqaüdləri də təyin olunur. Bu şəkildə onlar öz maddi ehtiyaclarını da ödəmiş olurlar. Əlil insanlara cəmiyyətdə bütün vətəndaşlar tərəfindən qayğı və diqqət göstərilməlidir. Heç bir halda fiziki məhdudiyyətin onların cəmiyyətin tam hüquqlu üzvü olmalarına maneə törətməməlidir" - deyə M.Quliyev əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB