"Bəzən insanlar partnyoru ilə birlikdə olduqda xoşbəxt hiss edə bilmirlər". Bu sözləri SİA-ya açıqlamasında uşaq, yeniyetmə və yetkin psixoloqu Nigar Ağabağırova deyib.

Psixoloq bildirib ki, hər hansısa bir movzuyla bağlı müzakirələrin sonu mübahisəylə bitir: "Halbuki problem müzakirə olunmalıdır ki, həll edilə bilsin. Danışılmayan bir problem necə həll edilə bilər? Problem olmayan münasibət də normal münasibət deyil. Belə bir deyim var ki, problemin olmaması da özü bir problemdir. İnsan özünü daim yaxsı hiss edə bilməz. Amma cütlüklər arasında uyğunluğun olması çox önəmlidir. Onların həyata baxış tərzində, zövqlərində hər hansı uyğunluq olmalıdır. Əks halda bu münasibət çox irəli gedə bilməz. Bəzən insan ona xoşbəxt hiss etdirməyən, yanında olduqda sakitlik tapmadığı insanla münasibətini davam etdirir. Bu münasibət həmin şəxslərə faydadan çox zərər gətirir. Bəs insan niyə bu zəhərli münasibəti seçir? İnsan özünə bu pisliyi etməyə məcburdurmu?.
Belə zəhərli münasibəti davam etdirən şəxsin xarakterində çox zaman asılı şəxsiyyət tipi olur. Asılı olması, tənhalığa olan dözümsüzlüyü onu buna sövq edir. Hər insan həyatında ən azı 1 dəfə də olsun ayrılıq yaşayır. Ayrılığın verdiyi acını yenidən duymaması üçün də insan zəhərli münasibəti davam etdirə bilər. Eyni zamanda da cəmiyyət qınağı da buna səbəb ola bilər. İnsan nişanını qaytarmış ,boşanmış ifadələrindən qaçdığı üçün qeyri-sağlam münasibətini davam etdirir. Unutmamalıyıq ki, biz insanlar dünyaya bir dəfə gəlirik. İnsanlar bizim haqqımızda bir neçə dəqiqə, saat, gün danışa bilərlər. Amma sevib seçdiyimiz insan daha çox yanımızda olur. Bizə pis hiss etdirən, özünü bizim yerimizə qoymağı bacarmayan, anlayışlı olmayan biri bizim psixikamızı korlayıb bizi daha ağır vəziyyətə gətirəcəkdir".
"Pisə doğru gedən münasibətdən qopa bilmək üçün həmin şəxs ilk növbədə özü bu vəziyyəti dəyişdirməyə psixoloji olaraq hazır olmalıdır. Daha sonra onun özgüvənini artırmalıyıq. Asılı şəxsiyyət tipindən azad olub sərbəst qərarlar verməsinə dəstək olmalıyıq. Cəmiyyətin fikrindən çox öz fikrinin önəmli olmasını vurğulamalıyıq. Çünki biz başqalarının deyil, öz həyatımızı yaşayırıq. Həyatımızı idarə etməyi kiməsə həvalə etməməliyik. Həyatımızın baş rolundakı adam özümüzük. Başqa insanların bizi manipulyasiya etməsinə izin verməməliyik. Çünki biz izin verdikcə insanlar bizə müdaxilə edə bilərlər" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB